«Araz» nəşriyyatı gənc şair Kəramət Böyükçölün “Çatlamış fincan” adlı şeirlər kitabını nəşr etmişdir. Kitaba müəllifin müxtəlif illərdə yazdığı şeirlər toplanmışdır. Nəşrin redaktoru Sərvaz Hüseynoğludur. Son dövr poeziyamızda öz dəst-xəttilə seçilən Kəramət Böyükçöl Bakı Dövlət Universitetinin tələbəsi və həmin universitetin nəzdində fəaliyyət göstərən “Metafora” adlı ədəbiyyat dərnəyinin rəhbəridir.
   
   * * *
   Azad Azərbaycan Televiziyasının müxbiri Səxavət Sahilin “Hər zaman və heç vaxt” adlı ilk kitabı işıq üzü görüb. Gənclər və İdman Nazirliyinin Bakı şəhər şöbəsinin maliyyə dəstəyi ilə çap olunmuş kitaba “İlk tanışlığın ovqatı” adlı ön sözü xalq şairi Sabir Rüstəmxanlı yazıb. Kitabda müəllifin çəkdiyi rəsmlərdən də istifadə edilib.
   
   * * *
   Bakı Slavyan Universitetinin “Kitab Aləmi” Nəşriyyat-Poliqrafiya mərkəzində “Qurani-Kərim rus ədəbiyyatında” adlı kitab nəşr olunub. Kitabın müəllifi görkəmli ədəbiyyatşünas-alim Asif Hacılı, elmi redaktoru AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdulladır. Kitabda rus ədəbiyyatının Quranla bağlı məqamları da qeyd olunub. Eyni zamanda, rusların türklərlə qaynayıb-qarışması, qədim türk dövlətlərinin Rusiya ərazisində hökmranlığı, Qurani-Kərimin Rusiyada yayılması haqqında maraqlı məlumatlar verilir.
    L.N.Tolstoyun («Lütfən, mənə xeyirxah müsəlman kimi baxın»), A.S.Puşkinin («Gizli mağarada didərginlikdə, Mən şirin Quran oxuyuram»), İ.Buninin («Allahdan başqa Allah yoxdur, sirdən güclü güc yoxdur») fikirləri, Konstantin Balmont “Əl-qirə” surəsinin təfsiri olan “Zərbə”, N.Tixonovun “Əl-Qədr” surəsi əsasında yazılmış “İslam”, Danil Andreyevin Məhəmməd peyğəmbərin meracı haqqında yazdığı “Peyğəmbərlərin gümüşü gecəsi”, Semyon Lipkinin Qurani-Kərimin “Əz-Zilzal (zəlzələ) surəsindəki mənalar əsasında yazdığı “Quranı təqlid. 29-cu surə” şeirləri məni ruhən sirkələdi. Bir şeyi çox aydınca gördüm ki, bizim öz poeziyamızda və nəsrimizdə dini mətn çatışmazlığı var.
    Asif Hacılının bu kitabı son dövrlərin ən maraqlı tədqiqat əsərlərindən biri hesab edilə bilər.   

  “Xəzər” jurnalının yeni sayı
  
 
   Azərbaycan Yazıçılar və Bədii Tərcümə və Ədəbi Əlaqələr Birliklərinin nəşri olan “Xəzər” jurnalının yeni sayı işıq üzü görüb. Jurnalda ilk qadın Nobel mükafatçısı olan Selma Lagerlöfün “Nobel nitqi” və “Nağıllar” silsiləsi Ülkər Nəsibbəyli tərəfindən tərcümə olunub.
   Tanınmış şair Ramiz Rövşənin tərcüməsində isə bu il vəfat etmiş Qriqore Viyerunun şeirləri (“Anket”, “Meşə”, “Quş”, “Poema”, “Uşaqlar”, “Nişan üzüyü”, “Müharibənin öldürdüyü uşaqlar”) dilimizə çap edilmişdir. Ramiz Rövşən Qriqore haqqında yazır: “Bu şeirlərin çoxunu mən təxminən qırx il bundan əvvəl dilimizə çevirmişəm. O vaxt Qriqore Viyerunun yaşı otuzu, mənim də yaşım iyirmini təzə adlamışdı».
   Səhnə əsərlərindən isə Somerst Moemin “Ledi Frederik” adlı üçpərdəli komediyasını tanınmış tərcüməçi Yaşar tərcümə etmişdir. Olduqca maraqlı bu komediya son vaxtların ən səs-küylü səhnə əsərlərindəndir.
   Ülkər Nəsibbəylinin dilimizə çevirdiyi bir başqa müəllif isə Milord Paviçdir. Jurnalda M. Paviçin “Dövlətə bənzər roman” adlı maraqlı bir essesi cap olunub. Bu yazı esse janrı ilə maraqlananlar üçün, fikrimcə, çox maraqlı olacaq. Ülkər xanım bu esseylə yanaşı, M.Paviçin “Yazıçı kimi mən iki yüz il əvvəl doğulmuşam” adlı müsahibəsini və “Məbəd şəkilli ağ tunis qəfəsi” adlı hekayəsini də tərcümə edib.
   Unudulmaz rus şairi Aleksandr Blokun şeirlərini isə dilimizə Firuz Mustafa tərcümə edib. Amma şeirlər fikrimcə, uğurlu seçilməyib və tərcümə baxımından da əla saymaq olmaz.
   Jurnalın oxucularına yaxşı tanış olan S.Moemin “Teatr” (Tərcüməçi: Yaşar), J.Amadunun “Qumsallıq kapitanları” (Tərcüməçi: İ.Əlfioğlu) romanlarının növbəti hissələri də bu sayda işıq üzü görüb.
   “Ədəbi mozaika” adlı hissədə isə beynəlxalq “Buker” mükafatını alan kanadalı xanım yazıçı Elis Munro, “Pultizer” mükafatını alan ssenarist Linn Nottic və “Mediçi» və “Renoda” mükafatlarının finalçıları haqqında maraqlı məlumatlar verilib. Həmçinin “Ədəbi mozaika”da Qabriel Qarsia Markesin yenidən əsər yazacağı, Haruki Murakaminin satışa çıxarılmamış betsellerə çevrilən romanı, Kurt Vonnenqonun işıq üzü görən naməlum əsərləri, məşhur ingilis yazıçısı Corc Oruelin hərraca çıxarılan məktubları, XX əsrin ikinci yarısının ən görkəmli Latın Amerikası yazıçılarından sayılan Mario Beneddetdi Uruqvanın vəfatı, oxucuları ən çox təsəlli edən, müasir fransa yazıçılarının ən çox sevdiyi və ilin qadağan olunmuş kitabları barədə maraqlı məlumatlar verilib.
   
   Fərid Hüseyn







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar