Lənkəran və Xaçmazda təşkil olunacaq emalatxanalarda qonşu rayonların gənc rəssamları iştirak edəcək
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2008-ci ildən başlayaraq respublikanın müxtəlif regionlarında rəssamların yaradıcılıq emalatxanaları təşkil olunur. 
   Bölgələrdə keçirilən belə mədəniyyət tədbirləri gənc rəssamların və uşaq incəsənət məktəbi şagirdlərinin inkişafına təkan verir, rəsm qalereyaları müasir rəsm əsərləri ilə zənginləşdirilir.
   Bu tədbirlərin davamı olaraq Mədəniyyət və Turizm Nazirliyi regionlarda təsviri sənətin inkişaf etdirilməsi, bu sahəyə marağın artırılması və dövlət rəsm qalereyalarının fondunun zənginləşdirilməsi məqsədilə iyun ayının 6-dan 13-dək Lənkəranda, iyun ayının 17-dən 24-dək Xaçmazda rəssamların yaradıcılıq emalatxanalarını təşkil edəcək. Tədbirdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Yardımlı, Masallı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızıdan olan gənc rəssamlar iştirak edəcəklər.
   Lənkəran və Xaçmaz dövlət rəsm qalereyalarında tədbirin keçiriləcəyi dövrdə yaradılacaq rəsm əsərlərindən ibarət sərgi açılacaq, konsert proqramı təşkil olunacaq.
   Yaradılacaq rəsm əsərləri müvafiq olaraq Lənkəran və Xaçmaz dövlət rəsm qalereyalarının fonduna qəbul ediləcək.