Əhmədli qəsəbəsindəki Rəssamlar evində fəaliyyət göstərən fırça ustalarının sərgisi
   
   Fevralın 12-də saat 17.00-da Muzey Mərkəzində paytaxtın Əhmədli qəsəbəsindəki Rəssamlar evində fəaliyyət göstərən rəssamların əsərlərindən ibarət “Rənglərin dialoqu” adlı sərgi açılacaq.
   Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin xüsusi tapşırığına əsasən nazir müavini Ədalət Vəliyev Əhmədli qəsəbəsindəki emalatxanalara gedərək, burada işləyən rəssamların problemlərini yerində öyrənib, onları düşündürən yaradıcılıq məsələləri, bədii axtarışlar və son dövrlərdə yaradılmış yeni sənət əsərləri ilə yaxından tanış olub. Rəssamların müraciətləri nəzərə alınaraq “Rənglərin dialoqu” adlı sərginin təşkili qərara alınıb.
   Qeyd etmək lazımdır ki, bu təcrübə artıq ənənəyə çevrilib. Rəssamlarla emalatxanada, yaradıcı şəraitdə keçirilən görüşlər rəsmiyyəti aradan götürməklə yanaşı, yeni ideyaların yaranmasına da təkan verir. Problemlər yerindəcə həll olunur, çıxış yolları müəyyənləşdirilir. Bundan öncə “7-ci mərtəbə” və “6-cı mikrorayon” rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunmuş, kataloq çap edilmişdi.
   Sərgidə nümayiş olunan əsərlər bir-birindən fərqliliyi, ayrı-ayrılıqda orijinallığı, üslub rəngarəngliyi ilə diqqət çəkir, eyni zamanda ümumbəşəri dəyərlərin tərənnümü kimi ümdə məsələlər üzərində düşünməyə imkan verir. Sərginin təşkilində əsas məqsəd rəssamların bədii axtarışlarının müxtəlifliyini göstərmək, Azərbaycan rəssamlarının yaradıcılıq dünyasının, bədii təfəkkür tərzinin genişliyini, uzun illər emalatxanada qalaraq, heç vaxt sərgi salonlarına çıxarılmayan sənət incilərini nümayiş etdirmək, Azərbaycan rəssamlarının yaradıcılığını dəstəkləmək və təbliğ etməkdən ibarətdir.
   Sərgi fevralın 16-dək davam edəcək.