Mayın 2-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Dost ölkələrə səyahət: əzizləyər hər el səni öz adəti ilə” mövzusunda yarışmanın yekun konserti olub.
   
   Xəbər verdiyimiz kimi aprelin 26-da başlanan yarışmada səkkiz uşaq evi və internat məktəblərinin şagirdləri iştirak ediblər. İştirakçılar Yaponiya, Böyük Britaniya, Türkiyə, Hindistan, Rusiya, ABŞ, Gürcüstan və Koreya Respublikasına dair təqdimatlar ediblər.
   Altı nominasiya üzrə nəzərdə tutulan təqdimata müvafiq ölkəyə aid slaydlar (videoçarxın), ölkələrin milli rəqsi, geyimi, kitab sərgisi, milli gəlinciklər, nağıl qəhrəmanları təqdim edilib.
   Tədbirin məqsədi uşaqları dünya xalqlarının mədəniyyəti, adət və ənənəsi, ədəbiyyatı, musiqisi ilə tanış etmək, dostluq əlaqələrini möhkəmləndirmək, onlarda tolerantlıq hissləri aşılamaqdır.
   Yarışmada Sumqayıt şəhərindəki 2 nömrəli internat məktəb Türkiyəyə dair təqdimatla çıxış edib. SOS uşaq kəndi Yaponiyaya, Zəngilan rayon 4 nömrəli qaçqın məktəbinin şagirdləri Böyük Britaniyaya, A.Makarenko adına humanitar təmayüllü internat tipli gimnaziya Gürcüstana, valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün 2 nömrəli internat məktəbi ABŞ-a, Suraxanı rayonundakı 2 nömrəli uşaq evi Hindistana, “Ümid yeri” uşaq yaşayış sığınacağı Koreya Respublikasına, Xətai rayonundakı 3 nömrəli uşaq evi isə Rusiyaya dair təqdimatlarla çıxış ediblər.
   Çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflərin yekdil qərarı ilə Xətai rayonundakı 3 nömrəli uşaq evinin təmsilçiləri birinci yeri tutub. Fərqlənən kollektivlərə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.