Oktyabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam Tələt Şıxəliyevin (1928-1987) fərdi yaradıcılıq sərgisi keçirildi.

Tədbiri muzeyin direktoru, professor Çingiz Fərzəliyev açaraq bildirdi ki, XX əsrdə Azərbaycan təsviri sənətində müxtəlif üslub və cərəyanlardan, əsl sənətkar nəslindən ibarət milli rəssamlıq məktəbi formalaşıb. Bu məktəbin görkəmli nümayəndələrindən biri də Tələt Şıxəliyevdir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, Tələt Şıxəliyev öz yaradıcılığı ilə Azərbaycan rəngkarlıq sənətinin inkişafına əsaslı təsir göstərib. O, respublikada tanınmış Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib, sonra təhsilini Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirib. 1962-ci ildən əsərləri respublika və xarici ölkə sərgilərində nümayiş olunub. O, “Abşeron məktəbi” kimi tanınan istedadlı rəssamlardan ibarət qrupun istedadlı üzvlərindən biri olub.
Daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı və əhval-ruhiyyəsi ilə seçilir. Uşaq dünyası da rəssamın yaradıcılığında xüsusi yer tutur. “Oğlumun portreti”, “Gənc rəssam”, “Qızım yatarkən”, “Uşaq və pişik” kimi tabloları uşaqların istək və arzularını rənglərin sehrli dili ilə açmağa çalışan həssas rəssam qəlbinin ifadəsidir. Tələt Şıxəliyev məhsuldar yaradıcılıq yolu keçib. Əməyi yüksək qiymətləndirilərək 1982-ci ildə Əməkdar rəssam adına layiq görülüb.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov xatirələrini bölüşdü: “Tələt Şıxəliyevi gənclik illərindən tanıyıram. O, həqiqətən, bir sənətkar, yoldaş və insan kimi çox maraqlı idi. Asudə vaxtlarımızda onun ətrafına toplaşardıq. Onun yaradıcılıq emalatxanasında və sənət görüşlərində rəssam dostları ilə apardığı qızğın müzakirələr hər kəsdə böyük maraq doğururdu. Müxtəlif yaradıcılıq istiqamətlərində çalışan rəssamları ətrafına toplayardı. Hər bir rəssamın yaradıcılığına hörmət hissi ilə yanaşar və uğuruna uşaq kimi sevinərdi”.
Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Eldar Ömərov qeyd etdi ki, Tələt Şıxəliyevin sənətə fədakarlığı, tələbkarlığı yaşadığı mühitə də təsir göstərib. Bütün həyatı boyu özü və sənəti qarşısında olduqca mürəkkəb, bəzən də çox böyük vəzifələr qoyub. Milli İncəsənət Muzeyində Tələt Şıxəliyevin yaradıcılıq irsinin retrospektiv sərgisi bir neçə onillikdən sonra onun sənətinə yenidən tamaşa etmək üçün əlamətdar fürsətdir.
Sənətkarın həyat yoldaşı Nailə xanım çıxış edərək Tələt Şıxəliyevin özü kimi çox dəyərli sənət yoldaşları olduğunu bildirdi: “O, sənət haqda düşünəndə dostlarını arayardı, fikrini, düşüncəsini onlarla bölüşərdi. Ailəmiz adından burada toplaşan hər bir kəsə dərin minnətdarlıq edirəm”.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.

Savalan Fərəcov