Ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi tarixi hadisədir. Belə genişmiqyaslı tədbiri ilk dəfə təşkil etmək ölkəmiz üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Avropa Oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsi vətənimizi bir daha dünyaya Şərqlə Qərb arasında körpü kimi təqdim edir. Bu mötəbər idman tədbiri mədəni dəyərlərimizin təbliği, Azərbaycan incəsənətinin dünyaya tanıdılması baxımından da əlamətdar hadisədir.
Oyunlarla bağlı müxtəlif təşkilatlar tərəfindən böyük hazırlıq işləri görülüb, tədbirlər həyata keçirilir. Bu tədbirlər xarici qonaqlara ölkəmiz haqqında dolğun məlumatların verilməsi üçün vacibdir. Xalqımızın qonaqpərvərliyi və vətənpərvərlik hissləri xarici vətəndaşlarda mədəni dəyərlərimiz, tariximiz haqqında düzgün düşüncə formalaşdırmalıdır. Bu isə nəticə etibarilə mədəniyyətimizə marağın, ölkəmizə turist axınının artması deməkdir.
Azərbaycan bu tədbirlə özünü dünyaya mötəbər idman və mədəniyyət tədbirlərinin təşkilatçısı kimi təqdim edir. Mədəniyyət və Turizm Nazirliyi I Avropa Oyunları ilə bağlı musiqi, rəsm, teatr və digər sahələrdə bir sıra layihələr həyata keçirir. İyunun 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində açılışı keçirilən görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Avropa haqqında düşüncələr" adlı sərgi də bu qəbildəndir. Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan dəyərli əsərlər nümayiş olunur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin açılış mərasimində qeyd etdiyi kimi, nümayiş etdirilən əsərlərin Azərbaycan rəssamlığı tarixində özünəməxsus yeri var. Sərgidə nümayiş olunan əsərlər onu göstərir ki, Azərbaycan mədəniyyəti, incəsənəti həmişə dünya və Avropa dəyərlərinə hörmətlə yanaşaraq, onu özündə təcəssüm etdirmişdir. Bunu təqdim olunan əsərlərdə də aydın şəkildə görmək olar. Sərgiyə baxarkən insan sanki özünü Avropanın bir guşəsində hiss edir.
I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi də gözəlliyi, heyrətamizliyi ilə hamını heyran etdi və Azərbaycanın tarixinin, mədəniyyətinin, incəsənətinin unikallığını nümayiş etdirdi. İlk Avropa Oyunlarının açılış mərasiminin kompozisiyası sülhü, humanizmi, mədəniyyətlərarası dialoqu, Şərq və Qərbin harmoniyasını özündə əks etdirirdi.
Bu günlər paytaxtımıza onlarla xarici ölkədən gəlmiş qonaqlar Azərbaycanın inkişaf səviyyəsi, əldə etdiyi nailiyyətlərlə bərabər, mədəni zənginliyi ilə də tanış olurlar. Təqdim edilən mədəni proqramlar da buna mühüm vəsilədir. Bu gün bütün Avropanın Azərbaycanın işığına toplaşması hər bir azərbaycanlı üçün qürurvericidir.

Səbinə Şıxəliyeva,
Azərbaycan Dövlət Rəsm Qalereyasının sərgilər şöbəsinin müdiri