Gənc fotoqraf, Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin üzvü Rüfət Əliyev “Bakı Fotoqrafiya Məktəbi” adlı yeni layihəsini təqdim edib. Bu barədə məlumat verən R.Əliyev deyib ki, fotoqrafiya sənətinin sirlərini gənc fotoqraflarla bölüşmək niyyətindədir. Məktəbə Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, İsrail və Ukraynadan 30 dinləyici qəbul olunub.
Dinləyicilər ustad dərslərində iştirak edəcək, kinoya fotorejissorun gözü ilə baxmağı öyrənəcək, fotolayihələr düşünəcək və reallaşdıracaqlar.
R.Əliyev bildirib ki, məktəbdə təlim müddəti 3 aydır ki, bu da 100 dərs saatından çoxdur. Yekun attestasiyadan keçdikdən sonra dinləyicilərə diplom və Britaniya Kral Fotoqrafiya Cəmiyyətinə üzvlük vəsiqəsi də təqdim ediləcək.
Qeyd edək ki, tədris pulludur. Master-klaslara fotoqraf Rüfət Əliyev özü rəhbərlik edəcək. Kinorejissor və prodüser sahəsində ustad dərslərini Riqadan olan kinorejissor Rizvan Məmmədov, reportaj və sənədli çəkiliş sahəsindəki dərsləri Azərbaycan fotojurnalistikasının ustadı Fərid Xayrullin aparacaq. Dinləyicilər həmçinin Azərbaycanın tarixi məkanlarını ziyarət edəcəklər və yekunda fotosərgi təşkil ediləcək.