YARAT Müasir İncəsənət Məkanı Azərbaycanda təsviri sənətlə məşğul olan insanların yaradıcılığını dəstəkləyən “ARTIM” layihəsində iştirak etmək istəyənlər üçün açıq müsabiqə elan edib. Bu ilin oktyabrında İçərişəhərdə açılmış “ARTIM” Layihə Mərkəzində azərbaycanlı və beynəlxalq rəssamların eksperimental yeni əsərləri nümayiş etdirilir.
YARAT-dan verilən məlumata görə, müsabiqədən uğurla keçəcək namizədlər, öz layihələrini reallaşdırmaq üçün 3000 manat məbləğində büdcə ilə təmin olunacaqlar. Onların yaradacağı sənət əsərləri “ARTIM” Layihə Mərkəzində 6 həftə ərzində nümayiş etdiriləcək. “ARTIM” hər cür təsviri sənət kompozisiyasının nümayişinə açıqdır.
Ən azı altı layihə seçiləcəkdir. Hər bir layihənin müvafiq maarifləndirici komponenti olmalıdır. YARAT bu sahədə inzibati dəstəyin göstərilməsini və aidiyyəti üzrə məsləhətlərin verilməsini təmin edəcəkdir. Ərizələr dekabrın 20-dək həm peşəkar, həm də həvəskar rəssamlar tərəfindən, habelə hazırda rəssamlıq ocaqlarında təhsil alan tələbələr tərəfindən təqdim oluna bilər. Ərizə formalarını müvafiq təlimatlarla www.yarat.az/en/visit/artim saytından yükləmək mümkündür.