Xalq rəssamı Nadir Əbdürrəhmanovun yubileyinə həsr edilmiş yaradıcılıq sərgisi

Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Əbdürrəhmanovun (1925-2008) anadan olmasının 90 illiyinə həsr edilmiş yaradıcılıq sərgisi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə təşkil olunan sərgidə rəssamın “Sevimli naxışlar”, “Professor Mirqasımovun portreti”, “Bakı bayram günlərində”, “Sakit səma”, “Dağlı qadın”, “Fedonqan çayında səhər”, “Dostluq körpüsü”, “İnsanlar və dağlar”, “Xalq musiqiçiləri” kimi 50-dək tablosu nümayiş olunacaq.
Rəssamı adi hadisələrin milli özünəməxsusluğu maraqlandırır. Onun tabloları əhval-ruhiyyə baxımından lirik və emosionaldır. Səfalı dağ rayonlarında yaşayan insanların obrazları mülayim və sadədir, gərgin hərəkət, kəskin emosiyalar sanki onlardan uzaqdır. Kənd sakinlərini əsrarəngiz təbiət qoynunda təsvir edərək, onların qarayanız sifətlərində, əlvan libaslarında xüsusi gözəllik və cazibədarlıq tapır.