Yeniyetmə rəssamın fərdi sərgisi keçiriləcək

Dekabrın 25-də Muzey Mərkəzinin sərgi qalereyasında yeniyetmə rəssam Gülarə Hüseynovanın “Qəlbimin rəngləri” adlı fərdi sərgisinin açılışı keçiriləcək. İki gün davam edəcək sərgidə müəllifin müxtəlif janrlarda 34 rəsm əsəri nümayiş olunacaq.
Uşaqların gözü ilə dünyanın qavranmasından daha aydın bir şey yoxdur. Bu, gənc rəssamın həyat və sevinc dolu rəsmlərində də əks olunur. Onun rəsmləri impressionistləri və onların ardıcıllarını xatırladır.
Gülarə Xəzər Dünya məktəbinin 7-ci sinfində oxuyur. Liderlik təbiəti qızcığaza yaxşı oxumaqla bərabər 5 yaşından başladığı yaradıcılıqla da məşğul olmağa imkan verir.
Onun əl işlərində natürmortlar və peyzajlar böyük yer tutur, məsələn, “Mavi səmalar", "Sakit gecə" əsərləri kimi. Rəsmlərində Van Qoqun əsərlərindəki mavinin, sarının “yüngül ətrini”, Pol Sezannanın natürmortlarındakı bağlılığı, şəhər peyzajlarında isə qızcığazın Paris, London, Barselona, Venesiyanın gözəlliyini təsvir etdiyini hiss edərsiniz. "Günəbaxanlar", "Kölgə", "Lalələr", "Şəlalə"... Bu əsərlərdə o, uşağın dili ilə təbiətin gözəlliyini müxtəlif rənglərlə əks etdirir.
"Xoşbəxtliyə səfər" - bu inama və arzuların mütləq yerinə yetməsi haqqında səmimi hekayədir. Eyni fikri "Cığır" əsərində də görmək olar. Həyatda mühüm olan öz yolunu tapmaqdır. Gülarənin məqsədi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olmaq və gələcəkdə gənc istedadlar yetişdirmək üçün Londonda bir sənət studiyası açmaqdır.