2015-ci il təsviri sənət tariximizə rəssam və heykəltəraşlarımızın ölkə daxilində və xaricdə çoxsaylı sərgiləri ilə rəngli səhifələr yazıldı.

İlin ilk sərgisi yanvarın 15-də Müasir İncəsənət Muzeyində açıldı. Əməkdar rəssam Müseyib Əmirov “Bax” adlı fərdi sərgisində 30-dan çox rəngkarlıq və qrafika nümunələrini təqdim etdi.
Fevralda Türkiyədə yaşayan soydaşımız Asim Rəsuloğlu Müasir İncəsənət Muzeyində “Mənim dünyaya baxışım” adlı fərdi sərgisi ilə sənətsevərlərin görüşünə gəldi.
Azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın Parisin məşhur “İsveçrə şəhərciyi”nin Beynəlxalq İncəsənət Qalereyasındakı fərdi sərgisini isə mart ayının hadisəsi adlandıra bilərik.
Aprel ayı bir neçə sərgi ilə yadda qaldı. Parisin “Rus dünyası” qalereyasında Türkiyə, Kipr, Azərbaycan və Gürcüstandan qadın rəssamların sərgisi açıldı. Sərgidə ölkəmizi Əməkdar rəssam Əsmər Nərimanbəyova təmsil etdi. Bu qalereyada düzənlənən digər sərgidə isə Əsmər Nərimanbəyova, Hüseyn Haqverdi, İsmayıl Məmmədov, Knyaz Şükürov, Mirzə Yusif, Təvəkkül Abbasov və Anar Hüseynzadənin 30-dan çox yağlı boya əsəri nümayiş olundu. Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı İnna Kostinanın “Anima”, YAY qalereyasında isə fotoqraf-rəssam Fəxriyyə Məmmədovanın “Dua*s” adlı sərgiləri baş tutdu.
May ayında Muzey Mərkəzində rəssam Ənvər Əsgərovun “Urbi et Orbi” adlı fərdi sərgisi, ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində isə azərbaycanlı rəssam Vüsal Rəhimin amerikalı həmkarı Ketlin Aasenlə birgə sərgiləri keçirildi.
İyunda ölkəmizin ev sahibliyi etdiyi I Avropa Oyunları münasibətilə Milli İncəsənət Muzeyində “İdman və incəsənət” adlı sərgi təşkil olundu. “Villa Art” qalereyasında isə Almaniyada yaşayan soydaşımız, Əməkdar rəssam Əşrəf Heybətovun “Şəhər və insanlar” adlı fərdi sərgisi açıldı.
Qızmar yay arxada qalandan sonra sentyabrda Berlin şəhərində azərbaycanlı gənc rəssam Kamal Əlizadənin fərdi sərgisi oldu. Bakıda isə tanınmış rəssam Rübabə Mircavadova “Fransa mədəniyyətindən təsirlənərək” adlı sərgisini tamaşaçılara təqdim etdi.
Oktyabr ayının yaddaqalan hadisələrindən biri tanınmış rəssam, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rəşad Mehdiyevin növbəti sərgisinin açılışı oldu.
Çağdaş rəssamlığımızın maraqlı nümayəndələrindən olan Eldar Babazadə isə noyabrda “Abşeron“ qalereyasında “Sehrli yuxular“ adlı sərgisi ilə sənətsevərlərin düşüncəsində dərin bədii izlər buraxdı. YAY qalereyasında Əməkdar rəssam Hüseyn Haqverdinin “Qırılma” adlı sərgisində heykəltəraşlıq və rəsm əsərləri nümayiş olundu. Bu ay həmçinin Milli İncəsənət Muzeyində Almaniyada yaşayan soydaşımız Əkbər Behkəlamın “Qaçma yolları” adlı fərdi sərgisi diqqətçəkən məqamlarla yadda qaldı.
2015-ci ilin son ayı da sərgilərlə zəngin oldu. Bu ay Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Yaradıcı Qadınlar Assosiasiyası Yeni ildə” adlı birgə sərgisi və Əməkdar incəsənət xadimi, heykəltəraş-rəssam Vaqif Nəzirovun “Mən fəxr edirəm ki, azərbaycanlıyam” fərdi sərgisi, Müasir İncəsənət Muzeyində gənc rəssam Fərid Rəsulovun sərgisi, Muzey Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xalq sənətkarlarının respublika interaktiv sərgisi” keçirildi.
2015-ci il həm də əcnəbi rəssamların ölkəmizdə əsərlərinin nümayişi ilə yadda qaldı.
Yanvarda YAY qalereyasında almaniyalı rəssam Marqret Ayher “Təsvirlər quruluşu” adlı fərdi ekspozisiyasını təqdim etdi. İyunda isə bu məkanda təşkil olunan “Mövcudluğun dözülməz yüngüllüyü” adlı sərgidə Yaxın Şərq və Şimali Amerikadan dörd rəssamın əl işləri nümayiş etdirildi.
May ayında Heydər Əliyev Mərkəzində “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” sərgisi keçirildi. İyulda Milli İncəsənət Muzeyində meksikalı rəssam Marqarita Moralisin “Rəngin simfoniyası” adlı fərdi sərgisi, sentyabrda isə burada argentinalı rəssamların qravüra sərgisi nümayiş etdirildi.
Noyabrda Azərbaycan Milli İncəsənət Muzeyində Gürcüstan Rəssamlıq Akademiyasının rektoru, akademik Qiya Ququşvili və professor Ketevan Matabellinin fərdi sərgisi də tamaşaçılar tərəfindən maraqla qarşılandı. Heydər Əliyev Mərkəzində “Müxtəlif dənizlər, bir dünya” adlı sərgidə isə Latviya rəssamları Aleksey Naumov, Kristaps Zarins və Andris Vitolinsin əl işləri nümayiş olundu.
Dekabrda Heydər Əliyev Mərkəzində tanınmış britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” adlı fərdi sərgisi sənətsevərləri bir araya gətirdi.

Soltan