Aprelin 7-də ilk satira-karikatura jurnalımız olan “Molla Nəsrəddin”in (1906-1931) nəşrə başlamasının 110 ili tamam olur. “Molla Nəsrəddin”in Azərbaycan ədəbiyyatının, jurnalistikasının inkişafında ayrıca yeri var. Bu yazıda jurnalın rəssamlıq, özəlliklə karikatura sənətində xidmətlərindən söz açacağıq.

Çap olunduğu 25 il müddətində jurnalın ətrafında satirik yazarlarla yanaşı, karikaturaçı-rəssamlar da yetişməyə başladı. Jurnalın populyarlıq qazanması, xalq arasında sevilməsi üçün baş redaktor, böyük ədib Cəlil Məmmədquluzadə karikaturanın əvəzsizliyini yaxşı anlayırdı. Ona görə də o, ilk növbədə jurnala satirik illüstrasiyalar çəkən rəssamları tapmalıydı. Bilirdi ki, millətin böyük hissəsi yazıb-oxumağı bacarmır, ona görə də karikaturanın maarifləndirmədə xüsusi rolu var. Doğrudan da, bu yolla “Molla Nəsrəddin” elə ilk sayından uğur qazanmağı bacardı. Jurnalın səhifələrinin tam yarısını karikaturalar tuturdı.
“Molla Nəsrəddin”in ilk rəssamı alman Oskar Şimerlinq olub. O, ilk saydan 1917-ci ilə qədər jurnalın baş rəssamı kimi çalışıb. 1863-cü ildə Tiflisdə anadan olan rəssam Peterburq və Münhen rəssamlıq akademiyalarını bitirib. Azərbaycanda realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərli, habelə tanınmış rəssamlar İsmayıl Axundov, Qəzənfər Xalıqov, Xəlil Musayev və başqaları Oskar Şmerlinqin rəhbərlik etdiyi Tiflis Rəssamlıq və Heykəltəraşlıq Məktəbinin yetirmələri idilər. Rəssamın “Sizi deyib gəlmişəm”, “Niyə məni döyürsünüz?”, “İran sərhəddindən”, “Xabi-qəflət”, “Müsəlman məclisində rus zabiti”, “Məhəmmədəli şahın Təbrizdən çıxması” və çoxlu başqa bənzərsiz əsərləri jurnalın uğur qazanmasında böyük rol oynayıb. Təbii ki, ona bütün mövzuları Mirzə Cəlil verir, rəssam da böyük ustalıqla tapşırığın öhdəsindən gəlirdi.
“Molla Nəsrəddin”in ikinci böyük rəssamı İosif Rotter idi. O da təhsilini Münhen Rəssamlıq Akademiyasında almışdı. XX əsrin əvvəllərində Tiflisdə yaşamış, müxtəlif jurnallarda çalışmışdı. 1906-1914-cü illərdə "Molla Nəsrəddin"in fəaliyyətində yaxından iştirak edib. "Bakı neft mədənlərində işsiz fəhlələr" rəsmində fəhlələrlə sahibkarların qarşı-qarşıya durması, "XX əsr. Qafqazda hürriyyət", "Bir gün var idi, bir gün yox idi" karikaturalarında erməni-müsəlman münaqişəsini qızışdıran çarizmin müstəmləkəçilik siyasəti ifşa olunurdu. Rəssam "Ay Tehrani alan, ay şirin tehrani alan" karikaturasında İran hökmdarı Məhəmmədəli şahı gülünc vəziyyətdə təsvir etmişdi.
“Molla Nəsrəddin”in uğurlu fəaliyyəti özündən sonra bir sıra satirik-karikatura nəşrlərinin işıq üzü görməsinə səbəb oldu. Belə ki, onun nəşrindən sonra Bakıda Azərbaycan türkcəsində "Bəhlul" (1907), "Zənbur" (1909-1910), "Mirat" (1910), "Arı" (1910-1911), "Kəlniyyət" (1912-1913), "Lək-lək" (1914), "Tuti" (1914-1917), "Məzəli" (1914-1915), "Babayi-Əmir" (1915-1916), "Tartan-partan" (1918), "Şeypur" (1918-1919), "Zənbur" (1919), "Məşəl" (1919-1920) kimi satirik illüstrasiyalı jurnallar çıxmağa başladı. Bu dövrdə Azərbaycanda rus dilində də satirik jurnallar - "Cigit" (1907-1918), "Vay-vay" (1908), "Bakinskoe qore" (1908-1909), "Biç" (1909-1915), "Adskaya poçta" (1909-1910), "Bakinskie streli" (1910), "Baraban" (1912-1913) və digərləri nəşr olunurdu. Di gəl ki, bunların içərisində ən uzunömürlüsü elə “Molla Nəsrəddin” özü oldu.
Bir faktı da qeyd edək ki, 1921-ci ildə “Molla Nəsrəddin”in 8 sayı Təbrizdə nəşr edilib. Bu da İranda karikatura sənətinin yaranmasına və inkişaf etməsinə böyük təkan verib. Təbrizdə jurnalın karikaturalarını rəssam Səid Əli Behzat çəkirdi.
Azərbaycanın Xalq rəssamı Əzim Əzimzadənin jurnalın geniş kütlə tərəfindən sevilməsində ayrıca xidmətləri var. Böyük rəssam “Molla Nəsrəddin”lə ilk saylardan əməkdaşlıq etsə də, əsasən "Kəlniyyat", "Məzəli", "Zənbur", "Baraban" və başqa satirik jurnallarda karikaturaçı-rəssam kimi fəaliyyət göstərirdi. Sənətkarın “Molla Nəsrəddin”lə ardıcıl əməkdaşlığı 1917-ci ildə jurnalın baş rəssamı olduqdan sonra yeni səviyyəyə yüksəlir. Əzimzadənin təsiri ilə Qəzənfər Xalıqov, İsmayıl Axundov, Əmir Hacıyev, Hüseyn Əliyev kimi istedadlı rəssamların jurnalda ardıcıl karikaturaları görünməyə başlayır, özündən sonra milli rəssamlar nəslinin yetişməsində əvəzsiz iş görür.
1952-ci ildə yaradılan “Kirpi” satirik-karikatura jurnalı bütün cəhətləriylə böyük “Molla Nəsrəddin”in varisiydi. Yarandığı çağdan bugünəcən jurnal milli karikatura sənətimizin inkişafı yolunda ardıcıl səy göstərməkdədir. Vaxtilə jurnalda tanınmış karikaturaçı-rəssamlar Nəcəfqulu İsmayılov, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Rizvan Quliyev, Vsevolod Ternavski, Ziya Kərimbəyli, Pyotr Şandin, Arif Ələsgərov, Eduard Abdullayev, Ələkbər Zeynalov, Adil Elçinin əsərləri çap olunub. Eləcə də görkəmli fırça ustaları, xalq rəssamlarımız Mikayıl Abdullayev, Tahir Salahov, Oktay Sadıqzadə, Kazım Kazımzadə, Güllü Mustafayevanın da karikaturaları dərc edilib.
“Molla Nəsrəddin” jurnalı ilə başlayan karikatura sənətimiz bu gün də ləyaqətlə davam etdirilir. Karikaturaçı-rəssamlarımız beynəlxalq yarışmalarda ölkəmizi uğurla təmsil edirlər. Neçə illərdir ki, ölkəmizdə “Molla Nəsrəddin”in adıyla bağlı beynəlxalq karikatura müsabiqəsi də keçirilir.

S.Soltanlı