Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qarşısında xidməti avtobusa minəndə hiss etdim ki, həmkarlarım bu qurumun işinə yaxşı bələddirlər və onun keçirdiyi müxtəlif tədbirlərdə çox iştirak ediblər, nabələd təkcə mənəm. Sadəcə, bu dəfə qurumun mətbuat xidməti məhkumların əl işlərindən ibarət sərginin qəzetimizin profilinə uyğun gəldiyini nəzərə alaraq, bizi də dəvət edib. Yolumuz 6 saylı cəzaçəkmə müəssisəsinədir.

Girişdə mobil telefonu təhvil verib müvafiq yoxlama prosedurundan sonra tor barmaqlığa bürünmüş dəhlizlə geniş həyətə keçirik. Hər şey qonaqların gəlişinə, sərginin açılışına hazırdır. Qonaqlar arasında Milli Məclis üzvləri, Ombusman aparatının əməkdaşları, QHT və media təmsilçiləri var.
Penitensiar Xidmətin rəisi vəzifəsini icra edən ədliyyə general-mayoru Hüseyn Əlixanov toplaşanları salamlayaraq dedi ki, sərginin məqsədi cəzaçəkmə müəssisələrində məhkumların faydalı əməklə məşğul olduğunu göstərməkdir. Onlar buradan çıxdıqdan sonra cəmiyyətə adaptasiya olunmalı, hər hansı peşə sahibi kimi özlərini təmin etməlidir. Buna görə də nə vaxtsa bir səhv üzündən məhkumluq həyatı yaşamış şəxslərə hər kəs - QHT-lər, sahibkarlar, ümumilikdə cəmiyyət kömək etməlidir. Bir məqsəd də cəmiyyətin məhkumluq həyatı keçmiş insanlara münasibətini dəyişməkdir.
Qapalı müəssisədə hər hansı əməlinin cəzasını çəkən insanların xatirələri tor barmaqlıqlar arasında görünən səma kimi kəsik-kəsik, xəyalları qırıq-qırıq olur. Hərəni bu məkana bir səbəb gətirir və bu “dürlü” səbəblərdən ömrünün neçə ilini əzizlərindən uzaqda, nəzarət altında keçirirlər. Zaman isə pozitiv enerji ilə dolu olanda tez keçir, neqativ enerjinin yayıldığı məkanda sanki dayanır. Buralar da zamanın ləng keçdiyi yerdir.
Ədliyyə general-mayoru Hüseyn Əlixanov qırmızı lenti kəsir və biz də sərgiyə tamaşa etməyə başlayırıq. Elə ilk təəssürat göstərir ki, buradakı nümunələr, sadəcə, əl əməyi yox, müəllif işidir. Yuxarı başda isə rəsm əsərləri asılıb. Ekspozisiyanın son cərgəsi isə mebel və digər əşyalar üçün ayrılıb. İndi mənə aydın olur ki, mağazalarda, bazarlarda satıcıların sadəcə «sex malı» kimi qələmə verdikləri yatacaq dəstləri, jurnal stolları, beşiklər, ikimərtəbə çarpayılar, manqallar, hətta nisbətən ucuz seyflər harada düzəldilir, kimlərin əməyinin məhsuludur. Olsun! Məncə, cəzaçəkmə müəssisələri ilə belə əməkdaşlıq edən iri və xırda ticarətçilər satdıqları məhsulu haradan aldıqlarını nahaq gizlədirlər. Normal həyata qayıtmağa, öz əlinin zəhməti ilə yaşamağa qərar vermişlərə kömək etmək xeyirli əməldir.
Geniş salon boyu sıralanmış masaların böyründə məhsullarını təqdim edən cəzaçəkmə müəssisələrinin nümayəndələri dayanıb. Bizi maraqlandıran suallara da onlar cavab verirlər. Öyrənirik ki, sərgilənən əl işlərinin bu qədər peşəkarcasına yerinə yetirilməsi səbəbsiz deyil. Məsələn, bir sıra cəzaçəkmə müəssisələrində usta ştatında kənardan gələn işçilər məhkumlara bu bacarıqları öyrədirlər, bir qisim məhkumlar yolları buraya düşməzdən əvvəl bu işin ustası olublar.
Sərgidəki mebellər “ev sahibi” - 6 saylı cəzaçəkmə müəssisəsindəki məhkumların əl işi imiş. Onlardan biri, Azər Baxışov da sərgidədir. Kameraların ona zillənən obyektivləri qarşısında bir az sıxılır, amma suallara cavab verir. Televiziyalarda çalışan həmkarlarım müsahibəsini bitirəndən sonra ona yaxınlaşıram, özümü təqdim edirəm, əllərimə, çantama zillənən baxışlarını tuturam, «fotonuzu çəkməyəcəyəm» deyəndə üzündəki gərginliyin azaldığını hiss edirəm.
- Allah qapınızı açsın!
- Çox sağ olun. Allah kimsəyə göstərməsin.
- Bayaq işlərinizi göstərəndə diqqət yetirdim: gözəl əl qabiliyyətiniz var.
- Mən mebel ustasıyam. Axşamlar, bəzən də arada iş olmayanda mücrü düzəldirəm, taxtadan xırda suvenirlər yonuram.
- Yaxşı ki, yenə də başınızı qatırsınız, vaxtınız keçir.
- Hə... Ömrümüz də gedir...
- Bilmək olar, belə qabiliyyətin sahibi nə üstdə cəza çəkir?
- Narkotik istifadəsi.
- Bəs sonrakı həyatınızı necə görürsünüz?
- Pis vərdişlərimlə ömürlük vidalaşmışam. Allah qoysa, azadlığa çıxandan sonra da öz sənətimlə məşğul olacağam.
Azər Baxışova tezliklə ailəsinə qovuşmağı arzulayıb kənara çəkilirəm. Sərgidə nümayiş etdirilən əşyaların, əsasən də interyer bəzəklərinin insanlara yolladığı ismarışın ruhunu tutmaq istəyirəm.
Qadın cəzaçəkmə müəssisəsinin ekspozisiyasında hörmə çiyin şalları, uşaq geyimləri, toxunma oyuncaqlar çoxdur. Qadının görkəminə bir kübarlıq gətirən, onu istidən-soyuqdan qoruyan çiyin şalı mənəvi dayağa, kiminsə qayğısına ehtiyacını anladır. Uşaq geyiminə, oyuncaqlarına gəlincə isə... Övladını öz qəlbinin hərarəti ilə qorumaq, sevindirmək əməlindən asılı olmayaraq, bütün qadınların genetik kodunda var...
Sərgidə müxtəlifölçülü yelkənli gəmi modellərinin bolluğu da diqqəti çəkir. Məncə, bu da təsadüfi deyil. Dəniz, yelkənli gəmi hər zaman azad ruhun, azad yaşamın rəmzi sayılıb. Cismi tor barmaqlıq arasında olub, ruhu yelkənli gəmilərdə üzən soydaşlarımıza nə deyə bilərik? Tale yelkəniniz bir daha həyat qasırğalarına düşməsin!

Gülcahan Mirməmməd