Mayın 6-da Mərakeşin Fes şəhərində Kral VI Məhəmmədin himayəsi ilə keçirilən ənənəvi musiqi festivalı başlayıb. Bu il 22-ci dəfə təşkil olunan Fes Festivalının açılış mərasimində Mərakeşin Kraliçası Lalla Salma, UNESCO-nun xoşməramlı səfiri Şeyxa Moza, Mərakeşin rəsmi nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Festivalda Azərbaycanı Beynəlxalq Muğam Mərkəzinin və Parisdə fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının dəstəyi ilə respublikanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyevanın rəhbərlik etdiyi “İnci” qızlar qrupu təmsil edir.
Açılış mərasimi özündə bir çox xalqların və nəsillərin mənəvi dəyərlərini birləşdirən, xalq fantaziyasının və müdrikliyinin məhsulu olan “Min bir gecə” nağıllarının motivləri əsasında təşkil edilib.
Aparıcı nağılın əsas personajı olan şah Şəhriyarın Azərbaycanda da tanındığını qeyd etdikdən sonra “İnci” qrupunun üzvləri səhnəyə çıxıb. Festivalın təşkil olunduğu Bab Al Makina meydanının qala divarları Şərq ornamentləri ilə işıqlandırılıb.
“İnci” qrupu “Bayatı-Şiraz” muğamını və “Nəlbəki” rəqsini ifa edib. Festivalda “İnci” qrupunu tanınmış dirijor Rəmzi Abu Redvanın rəhbərlik etdiyi müxtəlif ölkələrin musiqiçilərindən ibarət orkestr müşayiət edib. Azərbaycanlı musiqiçilərin ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Festival çərçivəsində “İnci” qrupunun “Jardin Jnan Sbil”də konserti nəzərdə tutulub.
Fes Festivalı mayın 14-də başa çatacaq.