Niderlandlı xoreoqraf Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

Bakı Xoreoqrafiya Akademiyası müasir xoreoqrafiya sənəti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məqsədilə mütəmadi olaraq müxtəlif ölkələrdən məşhur xoreoqraf, baletmeyster, rəqs üzrə mütəxəssislər dəvət edir. Akademiyanın budəfəki qonağı dünyada xalq-səhnə rəqsləri sahəsində tanınmış mütəxəssis, niderlandlı xoreoqraf Tom Bosma olub.

1973-2014-cü illərdə Haaqa Kral Konservatoriyasının müəllimi olmuş xoreoqraf müxtəlif illərdə Almaniya, Britaniya, İspaniya, Fransa, Türkiyə, Yaponiya və digər ölkələrdə çalışıb. O, 23-27 may tarixində Bakı Xoreoqrafiya Akademiyasının tələbə-müəllim heyəti ilə görüşləri və ustad dərsləri barədə təəssüratlarını bölüşdü.
- Əvvəla onu qeyd edim ki, bu, Azərbaycana ilk gəlişimdir və Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə dəvətə görə təşəkkürümü bildirirəm. Mən bir çox ölkələrdə sənət məktəblərində çalışmışam. Balkan və Şərqi Avropa ölkələrinin, eləcə də Yaponiya və Kuba kimi ölkələrin sənət və rəqs üzrə təhsil ocaqlarında olmuşam. Bakı Xoreoqrafiya Akademiyasındakı tədris prosesi özünəməxsusluğu ilə seçilir. Əgər dünyanın bir çox ölkələrində klassik rəqslə bərabər yalnız modern rəqs cərəyanları tədris edilirsə, burada klassik və modern rəqslərlə bərabər milli rəqs də aparıcı qüvvəyə malikdir. Lakin ən əhəmiyyətlisi odur ki, milli rəqslərin tədrisi klassik rəqsin tələblərinə müvafiq olaraq aparılır, bu da peşəkarlıqdan xəbər verir. Akademiyada bir çox dərslərdə iştirak etdim, Səbinə Qasımovanın dərsində tamaşa etdiyim və bu yaxınlarda beynəlxalq müsabiqənin laureatı olmuş Nərmin Quliyevanın ifası məni xüsusilə təsirləndirdi. Belə müəllim və ifaçılarla Azərbaycan incəsənəti gələcək nəsillərə gözəl bir nümunə kimi ötürüləcəkdir. Buna çox sevinirəm.
- Bizim müəllim və tələbələrə arzu və tövsiyələriniz nədir?
- Akademiyanın tələbə heyəti ilə görüş zamanı onların istedadlarını görməmək mümkün deyil, lakin çalışqanlıq hər bir peşəkarın vacib əlaməti olmalıdır. Tələbələrə bunu arzu edirəm. Müəllim heyətinə isə yenilikləri qəbul etməkdən çəkinməməyi tövsiyə edirəm. Rəqs sənəti həyatın və zamanın nəbzinə uyğun çox dinamik sənət növüdür. Bunu hər bir peşəkar rəqqas anlamalıdır. Bununla yanaşı, tam yaradıcı mühitin bərqərar olması üçün akademiyanın tədris teatrı, öz səhnəsi, beynəlxalq standartlara cavab verən maddi-texniki bazası olmalıdır. Müəllimləriniz daim xarici həmkarları ilə ünsiyyətdə olmalı, xarici ölkələrə yaradıcı səfərlər və ezamiyyətlərə getməlidirlər. Bu zaman Bakı Xoreoqrafiya Akademiyasının adlı-sanlı tələbə, məzun və müəllimlərinin sayı indikindən daha çox olacaq. Akademiyanın əməkdaşlarına öz işlərində indiki kimi daim peşəkarlığı uca tutmalarını arzu edirəm.

Əbülfəz Babazadə
Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri