Görkəmli qrafik, rəngkar və keramikaçı Mirteymur Məmmədov 1947-ci ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, V.Muxina adına Sankt-Peterburq Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun teatr, musiqi, kino rəssamı fakültəsini bitirib. 1970-ci illərdən dövri mətbuatda karikaturaçı-rəssam kimi fəaliyyət göstərir. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. "Humay" milli mükafatına (2004) layiq görülüb. O həm də yazardır, çoxsaylı elmi və publisistik məqalənin müəllifidir.

M.Məmmədovun İçərişəhərdəki evini həm də emalatxana-muzey adlandırmaq olar. Üçqatlı binanın içində və çölündə ayrıca bir cazibə var. Binanın hər tərəfi müxtəlif rəngli keramik damğa və naxışlarla bəzədilib. Buranın hər gün öz qonaq-qarası olur. Əsasən də gənclər sənətkarın yanına gələrək ondan sənətin incəliklərini öyrənirlər.
Rəssamın yaşadığı üçqatlı evdə məişətə aid sanki heç nə yoxdur. Onun məişəti bu zəngin yaradıcılıq içərisində görünməz olub. İlk olaraq diqqətimi hündür kitab saxlanclarındakı cild-cild kitablar çəkir. Həmsöhbətim deyir ki, bu kitablar Nərgiz nənəmdən qalıb. Nənəsi Fransada tibb təhsili alıbmış. Bundan başqa, otaqda incəsənətə aid kitablar da çoxdur. Bir sözlə, Mirteymur müəllim oxuyub-öyrənməyi, araşdırmağı sevən adamdır.
Rəssam öz məkanını “emalatxana-muzey” yox, “yuva” adlandırır. Burada tələbələrinə həftədə bir neçə dəfə dərs verir. Üçüncü qatda gillə işləmək üçün ayrıca otaq ayrılıb. Rəssamın bütün keramik əsərləri burada yaranır. Keramika sənətinin ən böyük avadanlıqlarından biri sobadır. Düzəldilən fiqurlar həmin sobada yüksək istilikdə yandırılaraq bərk hala salınır.
Rəssam məşğul olduğu sahənin özəlliyini belə anladır: “Gildə çox güclü enerji var, insanı özünə çəkir. Azərbaycan gillərin növünə görə dünyada birinci yeri tutur. Dünyada 128 gil növü var. Onların 98-i ölkəmizdədir. Mənim bu yuvamda 98 gildən istifadə edilməklə düzəldilən əsərlər var. Bu gillərdən ötrü Azərbaycanı başdan-başa gəzmişəm. Gillərin çox qəribə özəllikləri var. Mədədə yara olanda duru gil içilir. Xalq arasında, müxtəlif bölgələrdə gillər “gilabı” adıyla tanınırlar. Qabaqlar gilabıdan bədən, paltar, yun yumaq üçün istifadə olunurmuş. Çirkli qoyun yunundan nəcis iyi gəlməmək üçün nənələrimiz bir çala qazıb oranı gilli su ilə doldurur, çirkli yunu torbaya qoyub ora atardılar. Bir gün orada qalandan sonra həmin torbanı dağ çayına qoyardılar ki, suda təmizlənsin. Köhnə evlərdə evin içərisini bəzəmək üçün gildən istifadə edilirdi. Lap qədimlərdə başqa ölkələrdən gəlib ölkəmizdən gillər aparır, ondan dərman kimi istifadə edirdilər”.
Rəssamın qrafik işləri adamda tamam başqa duyğular yaradır. Kiçik ölçülərdəki bu sayaq əsərlər öz işlənmə texnikasına görə çox cazibəli görünür. Sənətkarın dediyinə görə, hər bir iş 20 laydan ibarətdir. Əsərlər müxtəlif texnikalarla yaranır. Hər texnika ilə iş bitəndən sonra üstündən lak çəkilir, quruyandan sonra başqa bir texnika ilə iş davam edir. Beləliklə, əsər çox parlaqlaşır, tamaşaçıya gözəl təsir bağışlayır.
Mirteymur müəllim ölkəmizdə keramika sənətinin aşağı səviyyədə öyrədildiyini bildirir. Ona görə rəssam tələbələr bu sənətin sirlərini onun yanında daha dərindən öyrənirlər. Keramika üçün gərək olan bəzi ləvazimatlar bahadır. Avadanlıq, şirə, rəng və piqmentlər baha olduğu üçün hamı bu sənətlə məşğul ola bilmir.
Keramika sənətində məhsulun 30 faiz zay olmasına normal baxılır. Di gəl ki, müsahibim vur-tut 5-6 faiz məhsulun zay olmasına yol verir.
M.Məmmədov bildirir ki, keramika ilə məşğul olanların hamısı bu sahənin fanatlarıdır: “Zərgər üzük düzəldəndə bilir ki, satılacaq. Keramikanı alanlar isə azdır. Elə gözəl işlər yaranır ki, satmağa heyfim gəlir. Bu işdə mənim bir ortağım da var - o, sobadır. İşə son biçimi soba verir. Əsər sobadan çıxandan sonra həqiqi biçimə və rəngə düşür”.
Rəssam qeyd edir ki, keramika həyatımızın bütün sahələrində geniş şəkildə istifadə edilir. Kosmosa buraxılan raketlərin burun hissəsi istiyə dözmək üçün keramikadan düzəldilir.
M.Məmmədov ölkəmizdəki palçıq vulkanlarını bir-bir gəzib, onların materiallarından istifadə edib: “Vulkanlardan gətirilən gil bir neçə mərhələdən keçməklə təmizlənir, istifadə üçün yararlı hala salınır. Keramikaçı fizikanı, kimyanı yaxşı bilməlidir, çünki gil çətin sahədir. Dünyada ilk keramik məmulat 18 min il öncəyə aiddir. Bizdə də belə nümunələr çoxdur. Çuxur Qəbələdə 2 min il öncəyə aid keramika sobaları tapılıb. Koreyalılar orada arxeoloji qazanılar aparırlar. Mən qazıntılar aparılan yerlərə gedir, oradakı mütəxəssislərə deyirəm ki, keramika bişirən sobaya rast gələndə, əl vurmayın. Bu sahənin adamlarını, fizikləri çağırın gəlsinlər. Keramika tək materialdır ki, yarandığı dövrün maqnit qurşağını özündə saxlayır. Bu, elm üçün çox önəmlidir. Bizdə belə sobalar çox tapılıb, ancaq arxeoloqlar yaxşı davranmadıqları üçün sındırıblar”.
Mirteymur müəllimin əsərləri sırasında çoxfiqurlu kompozisiyalar, mücərrəd işlər də ayrıca yer tutur. Rəssam yaradıcılığı üçün düşüncəni əsas sayır: “Bir yerdə dayanmaq olmaz. Özünü yamsılamaq yolverilməzdir (Bu arada tələbəsi Cəfər Əliquliyev gəlir və onun haqqında danışır). Cəfər elə iş işləyib ki, Azərbaycanda onun kimi eləyən yoxdur. Ona deyirəm ki, sən bunu bacardın, ona görə qoy qırağa və daha qabağa get. Sənətkar axtarışda olan və əsərləriylə insanları silkəliyən, ovsunlayandır. Məktəblərdə mənəviyyat öyrədilməlidir. Yaxşı görümü, əl qabiliyyəti olan hələ yaxşı rəssam deyil”.
M.Məmmədovun ən böyük işlərindən biri xalqımıza məxsus qədim damğaları araşdıraraq onları yenidən bərpa etməyidir. Bu damğalar qədim qəbirlərin sinə və baş daşlarında qorunur. Damğaların ən diqqət çəkənlərindən biri günəşlə bağlı olanlardır. Mütəxəssis deyir ki, bunlar qadın və kişi günəş damğaları olmaqla iki cürdür. Qadın günəşində hərəkət saat əqrəbinin əksinə təsvir edilir. Ən qədim damğalarımız qədim türklərdən gəlir. Orxon-Yenisey abidələrində də damğalar çoxdur. Damğalar məişət və sakral olmaqla iki yerə bölünür.
Sənətkarın arzusu bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da Keramika Muzeyinin yaradılmasıdır. Onun təklifi əsasında iki ölkədə belə muzey yaradılıb. Onu tez-tez dünyada keramika ilə bağlı keçirilən beynəlxalq festivallara jüri və iştirakçı kimi çağırırlar.

S.Qaliboğlu