Xəbər verdiyimiz kimi, iyunun 26-da “Şahdağ” Turizm Mərkəzində “Graffiti festival” adlanan tədbir təşkil olunacaq. Tədirdə “Urban Art”ın üzvü olan 5 qraffiti rəssamı hündürlüyü təxminən dörd metrə bərabər olan beton lövhə üzərində rəngarəng sprey rəngləyicilər vasitəsilə “Şahdağda qış ekstrimi” mövzusunda rəsm qabiliyyətlərini göstərəcəklər. İlk dəfə olaraq qraffiti şəhər mühitindən kənara çıxacaq, yaradılan rəsmlər yaşıl dağ yamaclarının fonunda daha əsrarəngiz görünəcək. İştirakçılar rəsmlərin necə çəkilməsini müşahidə edə, bu haqda suala cavab ala biləcəklər.
Eyni zamanda bitboks və rep ustalarının musiqi dolu, velosipedçilər və skeytborçuların isə adrenalin dolu performansları izləyicilərə həyəcanlı anlar yaşadacaq.