Milli azlıqların növbəti respublika festivalı keçirilir

Ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır, bu mədəni zənginlik Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi inkişaf edir. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən respublikamızda çoxsaylı tədbirlər təşkil edilir. O cümlədən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən digər dövlət orqanları ilə birlikdə ölkəmizdə yaşayan xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün həyata keçirilən işlər davam etdirilir.
Növbəti belə tədbir iyunun 28-dən 30-dək Bakı şəhərində “Azərbaycan - doğma diyar” devizi altında keçirilən Milli Azlıqların V Respublika Festivalıdır.
Festival çərçivəsində iyunun 28-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bədii kollektivlərin çıxışları oldu. Ölkəmizdə yaşayan azsaylı xalqların kollektivləri öz mahnı və rəqslərini təqdim etdilər. Respublikamızın 16 şəhər və rayonundan kollektivlər - Ahıska türkləri, ukraynalılar, talışlar, ləzgi, avar, dağ yəhudiləri və digər xalqların nümayəndələri öz milli rəqs və mahnılarını nümayiş etdirdilər. Bədii kollektivlərin çıxışları iyunun 29-da davam edəcək.
Bununla yanaşı, festival çərçivəsində iyunun 30-da Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin, “Azərbaycanda etnik-mədəni müxtəliflik və multikultural ənənələr” mövzusunda dəyirmi masa təşkil olunacaq. Habelə beş dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folklor nümunələri” diskinin və fotokataloqun təqdimatı keçiriləcək.
Festivala iyunun 30-da Heydər Əliyev Sarayında azsaylı xalqların bədii kollektivlərinin qala-konserti ilə yekun vurulacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində “Azərbaycan - doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib.

Fariz