Həftəsonu Fəvvarələr meydanında ötən əsrin musiqi dəbini canlandıran konsertlər təşkil olunur

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədilə yeni “Retro Bakı” layihəsinə start verilib.
Layihə çərçivəsində hər həftəsonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr meydanında müxtəlif konsert proqramları təşkil olunacaq. Layihənin məqsədlərindən biri də XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaqdır.
İyulun 9-da layihənin açılış konserti keçirilib.
Konsertdə Mərdəkan Mədəniyyət sarayının "Lalələr" rəqs qrupu, Xətai Mədəniyyət evinin "İqray qarmon" Azərbaycan-rus folklor ansamblı və 25 nömrəli uşaq musiqi məktəbinin caz ansamblı çıxış edib.
İki saata yaxın müddət ərzində paytaxtın sakinləri və şəhərimizin qonaqları milli və dünya rəqs nümunələrinə tamaşa edib və musiqi nömrələrini dinləyiblər.
Layihənin davamı olaraq tamaşaçılar saat 19:00-dan 21:00-dək Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrının da çıxışını izləyə biləcəklər. Teatrın kollektivi Xaqani bağında teatrlaşdırılmış oyunlar və tamaşalar təqdim edir.
Qeyd edək ki, layihə sentyabrın ortalarınadək davam edəcək.