İyulun 15-də iranlı rəssam Neda Zarfsazın ARTIM Layihə Məkanında “Yamacın görüntüsü” adlı fərdi sərgisi açılacaq.
YARAT Müasir İncəsənət Məkanından bildirilib ki, “Yamacın görüntüsü” Neda Zarfsazın üçaylıq rezidentura proqramı çərçivəsində, YARAT emalatxanalarında işlədiyi əsərlərdən ibarət yekun sərgisidir. Sərginin konteksti yerli mühitin rəssama göstərdiyi təsirlə əlaqədardır. Təqdim edilən altı əsər ətrafda baş verən dəyişikliklərə rəssamın münasibətini əks etdirir.
Neda Zarfsaz 1981-ci ildə İranın Urmiya şəhərində dünyaya gəlib. Höteborq Universitetinin (İsveç) nəzdindəki Valand Təsviri İncəsənət Akademiyasını təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib.
2011-ci ildə Höteborq şəhərində “Adlerbertska Hospitiestiftelsen” mükafatına, 2013-cü ildə isə Londondakı “Gasworks” qalereyasında art-rezidensiya proqramında iştirak etmək üçün MOP (Magic of Persia) Fondu tərəfindən mükafata layiq görülüb. Rəssamın “Xırda daşlarsız böyük daşlar” əsəri Əbu-Dabi İncəsənət Yarmarkası üçün seçilib.