İyulun 19-da Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illiyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə sənətkarın yaradıcılığına həsr olunmuş saytın (www.vidadinerimanbeyov.blogspot.com) təqdimatı keçirilib.
Saytın təsisçisi Dövlət Rəssamlıq Akademiyasının magistri, “Xalq rəssamı Vidadi Nərimanbəyovun bədii irsi” adlı elmi işin müəllifi Aybəniz Pənahovadır.
Təqdimatda onun elmi rəhbəri, ADRA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əsmər Abdullayeva dissertasiya işinin innovativ formatda işləndiyini, rəssamın yaradıcılığının sistemli təhlil edildiyini bildirib.
Aybəniz Pənahova yalnız elmi tədqiqat işi ilə kifayətlənməyərək rəssamın yaradıcılığına həsr olunmuş sayt da hazırlayıb. Sonra sayt təqdim olunub və müəllif bölmələr haqqında məlumat verib.