Bakıda iranlı rəssamın sərgisi açılıb

ARTIM Layihə Məkanında iranlı rəssam Neda Zarfsazın “Yamacın görüntüsü” adlı fərdi sərgisi açılıb. YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ərsəyə gələn sərgi Neda Zarfsazın üçaylıq rezidentura proqramı çərçivəsində, YARAT emalatxanalarında işlədiyi əsərlərin nümayişidir.
Sərginin konteksti yerli mühitin rəssama göstərdiyi təsirdir. Təqdim edilən 10-dək sənət əsəri ətrafda baş verən dəyişikliklərə rəssamın münasibətini əks etdirir. Birlikdə toplanmış həmin əsərlər mühit və ətraf mənzərənin bir növ arxivini təşkil edir. Mövcudluq mövzusunu araşdıran rəssam əsərlərində ölkəmizin müasir tikinti görüntüləri və Xəzəryanı regionunda sənayenin rolunu əks etdirir. Sərgi iki ay davam edəcək.
Neda Zarfsaz 1981-ci ildə İranın Urmiya şəhərində dünyaya gəlib. Höteborq Universitetinin (İsveç) nəzdindəki Valand Təsviri İncəsənət Akademiyasını təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib. Müxtəlif ölkələrdə sərgilərin iştirakçısıdır.