İyulun 18-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Elmira Rəcəbovanın “Disney xəzinəsi” adlı fərdi sərgisinin açılışı oldu.
Açılışda çıxış edən ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov E.Rəcəbovanın uğurlu gələcəyinə inandığını bildirdi. O, sərgilənən əsərlərin gənc rəssamın böyük istedadından soraq verdiyini söylədi.
Tanınmış animasiya rəssamı Elçin Axundov Elmiranın səliqəli işlədiyini diqqətə çatdırdı, bundan sonra ona cizgi filmi ustası kimi yetişməyində gərək olan yardımı göstərəcəyini dedi.
İxtisas müəllimi Elşən Hacızadə Elmiranın hər zaman layiqli tələbə olduğunu, ümidləri doğrultduğunu vurğuladı. O, tələbəsinin Kanadada animasiya üzrə təhsil almaq istəyini də alqışladı.
ARİ-nin katibi Rafiq Kərimov qurumun adından gənc rəssama diplom təqdim etdi.
Kulturoloq Çingiz Abdullayev sərgilənən əsərlər haqqında fikirlərini söylədi.
Rəssamın anası və özü sərginin təşkilində zəhmət çəkən hər kəsə, eləcə də iştirakçılara minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, sərgidə gənc rəssamın 2015-2016-cı illərdə çəkdiyi 60-dan əsəri nümayiş olunur. Əslində müəllif burada sevdiyi cizgi filmlərinin yaradıcısı, özünün kumiri saydığı Uolt Disneyin filmlərindən müəyyən fraqmentləri yenidən canlandırıb. Rəsmlər akril boya ilə kətan üzərində səliqə və incə zövqlə işlənib. Sərginin ümumi halı insanı nağıllar aləminə, uşaqlıq dönəminə aparır.
Bildirək ki, E.Rəcəbova 1995-ci ildə Bakı şəhərində doğulub. Respublika İncəsənət Gimnaziyasında, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil alıb. Tələbəlik illərində S.Bəhlulzadə adına təqaüdə layiq görülüb. “Disney xəzinəsi” onun ilk fərdi sərgisidir. Uşaqlıqdan cizgi filmlərinə sevgi bəsləyən gənc xanım animasiya rəssamı olmaq üçün xaricdə təhsil almaq istəyir.

S.Qaliboğlu