Sərgidə fırça ustasının 55 əsəri nümayiş olunur

Oktyabrın 25-də Milli İncəsənət Muzeyində mərhum rəssam, Əməkdar incəsənət xadimi Əyyub Hüseynovun 100 illik yubileyi münasibətilə xatirə sərgisi açıldı. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və muzeyin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Tədbiri muzeyin direktoru, professor Çingiz Fərzəliyev açaraq rəssamın xatirə sərgisi haqqında qısa məlumat verdi.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında pedaqoq-rəssam Əyyub Hüseynovun xatirəsinə həsr olunmuş sərgini onun sənət tariximizdə xidmətləri qarşılığında mənəvi borc adlandırdı. Nazir müavini XX əsr Azərbaycan rəssamlığının inkişafında böyük xidmətləri olan rəssamın həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı söz açdı, onun əziz xatirəsinin sənətsevərlərin qəlbində daim yaşayacağını söylədi. Vurğulandı ki, Ə.Hüseynovun sənəti tələbələrinin, ən başlıcası, iki oğlunun örnəyində davam etdirilir.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Ə.Hüseynovun müəllim kimi gözəl keyfiyyətlərindən bəhs etdi. Bildirdi ki, Ə.Hüseynov 1956-1965-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru işləyib. Həmin dövr onun həmkarlarının və tələbələrinin yaddaşında xoş xatirələrlə, yaradıcılıq uğurları ilə qalıb. Ə.Hüseynov sənətkarlıqdan öncə səmimi insan, təvazökar ziyalı idi.
Rəssamın ailə üzvləri adından oğlu, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov çıxış edərək, atasının sənətinə, şəxsiyyətinə dövlət tərəfindən verilən qiymətə, onun irsinin qorunmasına göstərilən qayğıya görə minnətdarlığını bildirdi.
Sərginin açılışından sonra sənətsevərlər rəssamın müxtəlif illərdə yaratdığı əsərlərlə tanış oldular.
Qeyd edək ki, Ə.Hüseynov müxtəlif janrlarda əsərlər yaratsa da, ömrünün sonunadək realizm üslubuna sadiq qalıb, onun bütün imkanlarından istifadə edərək həyat gerçəklərini uğurlu sənət əsərlərinə çevirə bilib. Sərgidə rəssamın ailə kolleksiyasından, Milli İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının fondlarında qorunan portret, mənzərə, natürmort və məişət janrlarında 55 əsəri nümayiş olunur.
Rəssamın “Pambıqçılar”, “Batabat”, “Çuxuryurd”, “Minanın portreti”, “Yağışdan sonra”, “Xəzər”, “Günorta”, “Sahildə”, “Meşə. Kənd mənzərəsi”, “Buxarest”, “Venesiya”, “Arpaçay mənzərəsi” və s. əsərlərində gerçəkliyin uğurlu bədii və rəngkarlıq çözümü var. O, təkcə təsvir etməyib, tamaşaçını duyğulandırmağı da bacarıb.
Ə.Hüseynov 1916-cı ildə Naxçıvanda anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1941-ci ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1948-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətə başlayıb, sonra həmin təhsil ocağında doqquz il direktor vəzifəsində çalışıb. 1980-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 1998-ci ildə vəfat edib.
Sərgi oktyabrın 29-dək davam edəcək.

S.Qaliboğlu