Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən biri olan "Rəssamlar görüşü” sənət emalatxanası layihəsi bu dəfə 10-21 oktyabr tarixində Türkiyənin Malatya şəhərində gerçəkləşib.

Malatya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə gerçəkləşən sayca 19-cu layihə türk respublikalarının müstəqilliyinin 25 illiyinə həsr olunub.
Təsviri sənət emalatxanasına 19 ölkə və diyardan 22 rəssam qatılıb. Onlar 12 gün boyunca Malatyanın tarixi məkanlarını, təbii gözəlliklərini, eləcə də öz təxəyyüllərinin məhsulunu kətan və kağız üzərinə köçürəcək, sənət və təcrübə mübadiləsi aparıblar.
Layihənin sonunda rəssamların əl işlərindən ibarət sərgi təşkil olunub. Tədbirdə azərbaycanlı rəssam Cəlal Ağayev “Qarabağ atı” əsərini Malatya Böyükşəhər Bələdiyyəsinin başqanı Əhməd Çakıra hədiyyə edib. Layihədə iştirak edən bütün rəssamlara təşəkkürnamələr verilib.
Mərasim TÜRKSOY Xalq çalğı alətləri orkestrinin türk respublikalarının müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə başa çatıb.

Mehparə Sultanova
Ankara