Rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filminin Avropa premyerası Almaniyada 10-20 noyabr tarixində keçirilən 65-ci “Mannheim-Heidelberg” Beynəlxalq Film Festivalının müsabiqə proqramı çərçivəsində baş tutub.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, Manhaym və Haydelberq şəhərlərində təşkil olunan nümayişlərdə rejissor Mirbala Səlimli iştirak edib.
Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb.
Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).
Rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırıblar.