“Qatil” Tbilisidə nümayiş olunacaq

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümünə dəvət alıb. Festival noyabrın 28-dən dekabrın 4-dək keçiriləcək.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək.
“Qatil” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Ssenari müəllifi Xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.


“İçəri şəhər” Tallin festivalında

Rejissor İlqar Safatın “İçəri şəhər” bədii filmi noyabrın 21-də Estoniyanın paytaxtı Tallində keçirilən “Qaranlıq gecələr” festivalında nümayiş olunub.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan film indiyədək Hindistanda 21-ci Kerala və 47-ci Qoa festivallarına dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyədə 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov, Elmira Şabanova və digərləri canlandırırlar.


“Qırmızı bağ” Banqladeşə gedəcək

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmi də növbəti festivala dəvət alıb. Ekran əsəri 12-20 yanvar tarixində Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək ənənəvi festivalda nümayiş olunacaq.
“Qırmızı bağ” filmi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”).
Rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri oynayırlar.
Film Qazaxıstanda 12-ci Avrasiya, Almaniyanın 65-ci Mannheim-Heidelberg və Türkiyədə 5-ci “Van gölü” beynəlxalq festivallarında iştirak edib. Ekran əsəri bugünlərdə Misirin paytaxtı Qahirədə beynəlxalq festivalda nümayiş olunub.