Paytaxtın G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin məzunu Arzu Abbasova ABŞ-ın Nyu-York şəhərində keçirilən “Muse” (Multicultural Sonic Evolution) gənc bəstəkarların IV beynəlxalq müsabiqəsinə təqdim etdiyi “Qütb ulduzu” əsəri birinci yerə layiq görülüb. Qalib əsər noyabrın 19-da Nyu-Yorkda “Sounds of Arts” festivalında səsləndiriləcək.
Pikə Axundovanın yetirməsi olan gənc bəstəkarın 2015-ci ildə bəstələdiyi “Qütb ulduzu” əsəri bu ilin aprelində Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiyanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan “Rodniki duşi” müsabiqəsində də 1-ci yeri qazanıb.
A.Abbasova 2014-cü ildə Rusiyada keçirilən gənc bəstəkarların XII beynəlxalq müsabiqəsində “Nağıllar aləmində” əsəri, 2015-ci ildə Nyu-Yorkda “İtaka” gənc qadın bəstəkarların beynəlxalq müsabiqəsində “Dalğaların rəqsi” əsəri və Qazaxıstanda keçirilən “XXI əsrin istedadları” musiqi yarışmasında bəstəkarlıq nominasiyası üzrə “Bayram sevinci” əsəri ilə qalib olub. Ötən il ABŞ-da keçirilən “Samadis” beynəlxalq müsabiqəsində bəstəkarın “Mövzu və variasiyalar” əsəri xüsusi fərqlənərək qaliblərin konsert proqramına daxil edilib.
A.Abbasova “ADA” Universitetinin beynəlxalq münasibətlər fakültəsinin birinci kurs tələbəsidir.