Azərbaycan

8 noyabr 1923 - Xalq artisti, instrumental ifaçı, dirijor Tofiq Qəzənfər oğlu Əhmədov (1923 - 23.3.1981) anadan olub. Azərbaycan Radiosu və Televiziyasının estrada orkestrini yaradıb, milli caz musiqisinin inkişafına töhfələr verib.
8 noyabr 1930 - Bəstəkar Əfsər Bayram oğlu Cavanşirov (1930-2006) Füzuli rayonunun Horadiz kəndində doğulub. AzTV-nin «Bənövşə» uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri olub. Simfoniyalar, poemalar, uşaq xoru üçün əsərlərin müəllifidir.
8 noyabr 1944 - Teatrşünas, yazıçı-publisist Cəlil Həbib oğlu Vəzirov (1944-2008) anadan olub. Naxçıvan Muxtar Respublikası Teatr Xadimləri İttifaqının sədri işləyib.

9 noyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı qəbul edilib. Azərbaycan sovetləşəndən sonra qırmızı sovet bayrağı ilə əvəzlənib. 1991-ci il fevralın 5-də respublika Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən Azərbaycan Respublikasının dövlət rəmzi elan edilib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə 9 noyabr Dövlət Bayrağı Günü elan edilib.
9 noyabr 1926 - Xalq rəssamı Davud Mehdi oğlu Kazımov (1926 - 14.2.2015) Bakıda doğulub. Əsərləri Milli İncəsənət, Milli Azərbaycan Ədəbiyyatı muzeylərində nümayiş etdirilir. Dövlət Rəssamlıq Akademiyasının professoru olub.
9 noyabr 1954 - Bəstəkar, Xalq artisti, professor Siyavuş Əşrəf oğlu Kərimi Bakıda doğulub. Azərbaycan Televiziyası və Radiosu estrada simfonik orkestrinin bədii rəhbər olub. Azərbaycan Milli Konservatoriyasının rektorudur. “Sarı gəlin”, “Girov” və s. filmlərə, tamaşalara musiqi yazıb.
9 noyabr 1973 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 15.5.1899 -1973) vəfat edib. Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

10 noyabr 1997 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" fərman imzalayıb.

Dünya

8 noyabr 1900 - Amerika yazıçısı Marqaret Mitçell (Margaret Munnerlyn Mitchell, 1900-1949) anadan olub. “Küləklə sovrulanlar” romanı ilə məşhurlaşıb.
8 noyabr 1837 - Gürcü yazıçısı, publisist, şair İlya Çavçavadze (1837 - 12.9.1907) anadan olub. “Erməni alimləri və fəryad edən daşlar” əsərində ermənilərin qonşu xalqların tarixinə və mədəniyyətinə qarşı saxtakarlıq əməllərini ifşa edib.
8 noyabr 1935 - Fransız aktyoru, rejissor, ssenarist Alen Delon (Alain Fabien Maurice Marcel Delon) anadan olub. Filmləri: “Macəra axtaranlar”, “Polis əhvalatı”, “Zorro”, “Kazanovanın qayıtması”, “Tehran-43” və s.
8 noyabr 1961 - SSRİ-nin mərkəzi televiziyasında Şən və Hazırcavablar Klubunun (rusca “KVN”) ilk buraxılışı efirə çıxıb. 2001-ci ildən 8 noyabr beynəlxalq “KVN günü” kimi qeyd olunur.

9 noyabr 1818 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (1818 - 3.9.1883) anadan olub. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan ocağı”, “Rudin”, “Asya”, “Ovçunun qeydləri” (hekayələr toplusu).
9 noyabr 1832 - Fransız yazıçısı, detektiv janrın banilərindən biri Emil Qabrio (Emile Gaboriau; 1832-1873) anadan olub.
9 noyabr 1929 - Məşhur bəstəkar, SSRİ Xalq artisti Aleksandra Paxmutova anadan olub. Əksəriyyəti bu gün də populyar olan 400-dən çox mahnı bəstələyib.

10 noyabr Dünya gənclər günüdür. 1946-cı ildə Dünya Demokratik Gənclər Federasiyası (World Federation of Democratic Youth, WFDY) tərəfindən təsis edilib.
10 noyabr 1483 - Alman teoloqu və filosofu, xristianlıqda Reformasiya (islahat) hərəkatının rəhbəri Martin Lüter (1483 - 15.2.1546) anadan olub. Xristianlıq dinində protestantizm məzhəbinin qollarından biri onun adı ilə lüteranlıq adlanır.
10 noyabr 1759 - Görkəmli alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şiller (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) anadan olub. Pyesləri: “Qaçaqlar”, “Məkr və məhəbbət”, “Mariya Stüart”, “Orleanlı qız” və s.
10 noyabr 1846 - Finlandiya bəstəkarı və dirijoru Martin Veqelius (Martin Wegelius, 1846-1906) anadan olub.
10 noyabr 1928 - Məşhur italyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub. 400-dən çox filmə musiqi yazıb, kinematoqrafiyaya töhfələrinə görə “Oskar” mükafatına (2007) layiq görülüb.

Hazırladı: Vüqar Orxan