Ötən yüzillikdə Azərbaycanın mətbuat cəbhəsində tanınmış qələm sahiblərindən biri də Məmmədəli Nasir olub. “Sədayi-həqq”, “İqbal”, “Lək-lək”, “Molla Nəsrəddin” və s. qəzet və jurnallarla əməkdaşlıq edib, aktual mövzulu felyetonlar qələmə alıb.

Məmmədəli Hacı Məmməd oğlu Nasir 11 mart 1899-cu ildə İrəvan şəhərində dünyaya göz açıb. Atasından fars və ərəb dillərini öyrənir, sonra təhsilini İrəvan gimnaziyasında davam etdirir. Həmin dövrdən görüb müşahidə etdiklərini qələmə alır. Yazıları Bakıda nəşr olunan “İqbal” və “Sədayi-həqq” qəzetlərində işıq üzü görür. Bu məqalələrdə İrəvan camaatının sosial problemləri, məmurların özbaşınalığı və s. məsələlərə toxunulurdu.
Yazıçı-jurnalist Şəfəq Nasirin babası haqqında araşdırmasında qeyd olunur ki, bir gün “Molla Nəsrəddin” jurnalı üçün abunə toplayan şəxs İrəvan şəhərinə gəlir. Köhnə tanışı Hacı Məmmədin evinə gəlib deyir ki, Tiflisdə çıxan “Molla Nəsrəddin” məcmuəsi oxucusu az olduğundan bağlanmaq üzrədir. Gəlmişəm sizi də məcmuəyə müştəri yazım. O, bir az düşünür və deyir: “İşi-peşəsi dinə sataşmaq olan bir məcmuəyə müştəri yazıla bilmərəm. Buna şəhərdə din-məzhəb sahibləri nə deyər!” Sonra nə fikirləşirsə cibindən bir qızıl onluq çıxarıb qonağın qabağına qoyur. Sonra da xahiş edir ki, onu o dinsiz məcmuəyə müştəri yazmasınlar... Bir həftədən sonra Məmmədəli poçta gedir. Məktub və qəzetləri götürəndə ona bir şəkilli jurnal da verirlər. Bu, “Molla Nəsrəddin” məcmuəsi idi. Evə çatanda xəlvətə çəkilib jurnalı vərəqləyir, böyük maraqla oxuyur...
Beləliklə, M.Nasirdə publisistikaya maraq daha da artır. O, “Molla Nəsrəddin”lə əməkdaşlığa başlayır. Yeznəsi Əli Məhzunla Tiflisdə satirik şair Əliqulu Qəmküsarın (Nəcəfovun) evində və satira dərgisinin redaksiyasında olurlar. Ə.Məhzun Mirzə Cəlillə hal-əhval etdikdən sonra Məmmədəlini ona təqdim edərək “Mirzə, bu da bizim “bala mollanəsrəddinçi”dir”, - deyir. Məmmədəli də məqaləsini Mirzə Cəlilə təqdim edir. Tiflisdən qayıdandan bir ay sonra Məmmədəli “Molla Nəsrəddin”in növbəti nömrəsində məqaləsinin dərc olunduğunu görür.
Gənc müxbirin yazısı şəhərdə söz-söhbətə səbəb olur. Hətta şəhər məhkəməsinin qarşısında bir cavan oğlan onun üstünə xəncər çəkir. Polis işə qarışır və Məmmədəli ayyarımlıq həbs edilir. Bu hadisə İrəvanda və Bakıda mətbuatın diqqətini çəkir. “İqbal” qəzeti “Mətbuat bəlası” başlığı ilə xəbər dərc edir. İrəvanda həftədə bir dəfə çıxan “Lək-lək” jurnalında Cabbar Əskərzadənin “Leyləyin yuvadibisi” imzası ilə “Nəsihət” şeiri dərc olunur:

Özünü topla, a “Lək-lək”, yerində rahət otur,
Olmasın çox da işin seyid ilən, həm bəy ilən.
Görmürsən, a quzum, Nasiri xəncəllədilər?
Mərvdə Yusifi öldürmədi bir çəkməsilən?


Moskvada tatar dilində nəşr olunan “El” qəzeti də bu xəbərə səhifəsində yer ayırır. Məmmədəli bu hadisədən sonra gizli imzanın mənasını dərk edir. Sonralar jurnalın yaradıcı taleyindəki oyadıcı təsirini xatırlayaraq deyib: “Mənim gözümü “Molla Nəsrəddin” açdı. Siyasi fikirlərimi itiləyən isə Hüseynağa Şahtaxtlının “Müdafeyi məzluman” təşkilatı oldu”.
M.Nasirin “Molla Nəsrəddin”lə əməkdaşlığı nəşrin sonunadək (1931) davam edib. Məcmuənin səhifələrində məqalə və felyetonları əsasən “Qarınqulu bəy”, “Bir nəfər”, “Fil-fil”, “Zaqatalalı”, “Görən”, “Qonaq” və s. gizli imzalarla dərc olunub.
1927-ci ildə “Kommunist” qəzetində Qəzalarla iş şöbəsinin müdiri vəzifəsinə təyin edilən Nasir redaksiyada Mirzə Cəlillə tez-tez görüşürlər. Bu görüşlər vaxtı böyük yazıçı ona jurnal üçün mövzular təklif edir. “Səmərələşdirmə”, “Bibiheybət məktubları”, “On il”, “8 Mart, yaxud arvad bayramı” adlı felyetonlar məhz bu görüşlərin bəhrəsidir.
“Molla Nəsrəddin” məcmuəsi 1927-ci ildən yeni latın qrafikalı əlifba ilə çıxır. Bu da məcmuənin oxucularının sayının azalmasına səbəb olur. Mirzə Cəlilin narahatlığını görən M.Nasir ona bildirir ki, bugünlərdə Nuxaya (Şəki) ezamiyyətə gedəcək. Orada “Molla Nəsrəddin” üçün yeni abunəçilər yığacaq. O, Nuxada olarkən ipək fabrikinə baş çəkir. Altıaylıq olmaq şərtilə jurnala 360 abunəçi cəlb edərək 900 manat pulla Bakıya qayıdır. Nasir xatirələrində yazır: “Nuxada olarkən şəhərin sanitariya cəhətdən pis saxlanılması ilə əlaqədar bir felyeton yazdım. Gətirib “Molla Nəsrəddin” jurnalına verdim. Lakin yazı bir aydan artıq redaksiyada qaldı. Bir gün bunu ona xatırlatdım. Mirzə Cəlil dedi ki, yadımdadır. Ancaq yazın çox uzundur. İndi uzun yazını oxumurlar. Əgər yazsaydın ki, Nuxaya getmişdim. Şəhərin küçələrində it-pişik ölüsü görüb bir salavat çevirdim. Onda hamı biləcəkdi ki, “kommunxoz” pis işləyir. Daha buna təfsilat nə lazımdı?”
Satirik əsərlərində mollanəsrəddinçi ənənələrə möhkəm tellərlə bağlı olan yazıçı-publisist 1982-ci ildə Bakıda vəfat edib.

Savalan Fərəcov