“Dövlət Musiqili Teatrında İlyas Əfəndiyevin «Mənim günahım» tamaşası üzərində iş gedir. Tamaşanın musiqi hissəsini balet nömrələri ilə həll edəcəyik”

Bu yaxınlarda Ukraynanın paytaxtında keçirilmiş gənc teatr rejissorları laboratoriya müsabiqəsində Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova da iştirak edib. Bakıda və Gəncədə bir sıra səhnə əsərlərinə verdiyi maraqlı quruluşlarla diqqəti cəlb etmiş xanım rejissor Kiyevdə də fərqlənməyi bacarıb. «Kiçik teatr formaları» laboratoriya müsabiqəsində qalib gəlib finala çıxdığına görə Kiyevdə tamaşa hazırlamaq təklifi almış soydaşımızı həm təbrik etdik, həm də yaradıcılıq səfəri ilə maraqlandıq.

- Neçə ildir ki, «Open door» («Açıq qapı») prodüser mərkəzi ilə əlaqələrim var. Onların təklifi ilə bu laboratoriya müsabiqəsinə qoşuldum. Çox sevinirəm ki, beynəlxalq müsabiqənin dörd qalibindən biri oldum. Qaydaya əsasən, hər iştirakçı öz ideyasını təklif etməli, sonra da beş gün ərzində ideyanın təhlilini və aktyorlarla işini göstərməli idi. İ.Kozlovski mərkəzində N.V.Qoqolun «Köhnə dünya mülkədarları» povesti əsasında «Pulxefoniya» adlı eksperimental tamaşa hazırladım. Məkan olaraq Kozlovski mərkəzinin andeqraundunu (yığcam tamaşa oynamaq, konsert vermək üçün yarımzirzəmi məkan) seçdim. Yarımsaatlıq tamaşa-etüddə Ukrayna Milli Operetta Teatrının solistləri Kirill Baskovki və Oksana Prasolova Afanisi İvanoviç və Pulxeriya İvanovna rollarında çıxış etdilər. Aktyorlar da etiraf etdilər ki, özlərini dramatik aktyor kimi sınamaq onlar üçün maraqlı idi. Hətta gələn ilin fevralında Kiyevdə böyük tamaşa hazırlamaq barədə təklif aldım.
Bu yerdə Ukrayna mətbuatında azərbaycanlı rejissorun ideyasına münasibəti də öz oxucularımıza çatdırmaq istərdik. Qazeta.zn.ua portalı yazır: «İradə Gözəlova bu eskiz üçün kvest-layihə texnologiyasından, yəni özgənin sönmüş ehtirasının soyuq labirintlərində səyahət-tamaşadan istifadə etmişdi. Şahid isə tamaşaçı idi. Məkanın darısqallığı və hətta onun temperatur xüsusiyyətləri Qoqol mülkədarlarının impulsiv hərəkətlərini izləyən və onların yarımzirzəminin səs udan dəhlizlərində yayılan səslərinin əks-sədasını tutan şahidləri birləşdirirdi».

- İradə xanım, sizin bu uğurunuz müasir Azərbaycan teatrının uğurudur. Bəs Bakıda və Gəncədə işlər necə gedir? Bildiyimiz qədər, yeni tamaşalar üzərində işləyirsiniz...
- Gəncə teatrında Çexovun iki əsərinə müraciət etmişik: «Vanya dayı» və «Qadası» («Duşeçka»). Tamaşamız hazır olan kimi Bakıda nümayiş etdirəcəyik. Azərbaycan Dövlət Musiqili Teatrında isə İlyas Əfəndiyevin «Mənim günahım» tamaşası üzərində işlər gedir. Baş rolda Xalq artisti Şükufə Yusupova çıxış edəcək. Tamaşanın musiqi hissəsini balet nömrələri ilə həll edəcəyik. Bu, mənim Musiqili Teatrda sayca üçüncü quruluşum olacaq.

Gülcahan Mirməmməd