Layihə iştirakçıları Biləsuvarda cəbrayıllı köçkünlərin qonağı olub

Biləsuvar rayonunda Cəbrayıl rayonundan məcburi köçkünlərin yaşadığı 11 nömrəli qəsəbədə “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, yazımız Qarabağ!” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Əli Kərim adına poeziya klubunun sədri, şair İbrahim İlyaslı, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “Türk Dünyası” İctimai Birliyinin sədri, şair Dəyanət Osmanlı, “Ədalət” qəzeti baş redaktorunun birinci müavini, şair-publisist Əbülfət Mədətoğlu və layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-publisist Elçin Hüseynbəyli iştirak ediblər.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov bildirib ki, qələm adamlarının bölgəyə səfəri və məcburi köçkünlərlə görüşü çox əlamətdardır.
Elçin Hüseynbəyli layihənin məqsədi barədə danışıb. Bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında həyata keçirilən layihə ordumuza dəstək, Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.
Rayon ziyalıları bu xoş missiyanı alqışlayıblar, şairlər vətənpərvərlik mövzusunda yazdıqları şeirləri oxuyublar.
Sonda yazarlar öz kitablarını qəsəbə kitabxanasına hədiyyə edib və xatirə şəkli çəkdiriblər.