“Folklor paytaxtı”nda elmi-praktik konfrans

2016-cı il üçün “Azərbaycanın folklor paytaxtı” seçilən Qusar şəhərində “Xalq yaradıcılığında multikulturalizm” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bilik Fondu, AMEA Folklor İnstitutu və rayon İcra Hakimiyyətinin təşkilatçılığı keçirilən tədbirin iştirakçıları əvvəlcə Mədəniyyət mərkəzinin qarşısında rayonun incəsənət ustalarının hazırladığı bədii folklor nümunələrinə tamaşa edib, ləzgi mətbəxi və məişəti, Qusarın tarixini, müasir inkişafını əks etdirən sərgilərlə tanış olublar.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov açaraq mədəniyyətin ən mühüm amillərindən birinin mədəni müxtəliflik olduğunu diqqətə çatdırıb, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyətindən bəhs edib.
Konfransda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov “Azərbaycanda “Multikulturalizm ili”: görülmüş işlər və qarşıda duran vəzifələrə baxış”, Folklor İnstitutunun direktoru Muxtar İmanov “Folklorda milli-mədəni müxtəliflik və ortaq mənəvi dəyərlər”, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov “Multikulturalizm və təhsil” mövzularında çıxışlar ediblər. “Multikulturalizm ili” çərçivəsində respublikada həyata keçirilən tədbirlərdən bəhs edilib.
Çıxışlarda “Folklor paytaxtı” Qusarın multikultural ənənələrindən də söz açılıb.