UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Rusiya Dövlət Elmi-Tədqiqat Bərpa İnstitutunun ali dərəcəli bərpaçı-rəssamları Sofya Martyanova və Yuliya Xrebtova parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirə və təlim dərsləri keçirlər.
   Rusiyalı mütəxəssislər uzun illər əməkdaşlıq etdikləri Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinə dəvət ediliblər. 23 noyabrda mərkəzdə olan qonaqlara direktor Zərifə Məlikova burada tətbiq edilən bərpa üsulları barədə ətraflı məlumat verib. Rusiyalı bərpaçı-rəssamlar bərpa olunmuş eksponatlara baxış keçirərək görülən işləri yüksək qiymətləndiriblər. 
   Parça, tikmə və milli geyimlərin bərpasında tətbiq etdikləri yeni vasitələr haqqında bərpaçıların suallarını cavablandıran mütəxəssislər təcrübə mübadiləsindən məmnunluqlarını ifadə ediblər. 
   
   Lalə