Qusar. Rayon MKS-də oxucuların kitabxanalara maraqlarının artırılması üçün müxtəlif səpkili tədbirlər keçirilir. Mərkəzi kitabxanada fəal oxucuların rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə təşkil olunub. Müsabiqədə iştirak edənlərdən 15 nəfər kitabxanaya ilk dəfə olaraq üzv yazılıblar. Sonda müsabiqə iştirakçılarına hədiyyələr təqdim edilib.
   Zərdab. Rayon Mədəniyyət mərkəzinin təşkil etdiyi dəyirmi masada ümumbəşəri bəla olan narkomanlığın fəsadlarından söhbət açılıb. Mərkəzin direktoru Elyura Məmmədova, Callı kənd Folklor evinin müdiri Maqbet Qasımov və digər çıxış edənlər cəmiyyətin bu bəlaya qarşı səfərbər olması, bu işdə mədəni-maarif müəssisələrinin üzərinə düşən vəzifələrdən bəhs ediblər.
   Şəki. Nakam adına Mərkəzi kitabxanada Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və tərcüməçi, “Həsən bəy Zərdabi” mükafatı və “Səməd Vurğun” medalı laureatı Giya Paçxataşvili ilə görüş keçirilib. Tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Qiymət Məhərrəmlinin G.Paçxataşviliyə həsr etdiyi “Dərviş” kitabının təqdimatı olub. Çıxış edənlər G.Paçxataşvilinin yaradıcılığından söz açıblar. G.Paçxataşvili tədbiri təşkil edənlərə, kitabın müəllifinə təşəkkür edib.
   Xaçmaz. Tarix-diyarşünaslıq muzeyində xaçmazlı şair Məmməd Qədirin “Aya bir söz demişdim” və “Bu gecəyə toxunma” adlı yeni kitablarının təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edənlər şairin yaradıcılığından bəhs ediblər. Məktəblilər şairin vətənpərvərlik ruhlu şeirlərini səsləndiriblər. Şair Xaçmazın mədəni, ictimai həyatında, ədəbi mühitinin inkişafındakı fəal iştiraka görə Mədəniyyət və Turizm şöbəsinin fəxri fərmanı ilə təltif edilib.
   Oğuz. Rayonun Sincan kənd kitabxanası kənd tibb məntəqəsində səyyar kitabxana xidməti təşkil edib. Kitabxananın müdiri R.Əzizova tibb işçilərini, xəstələri kitabxanaya daxil olan yeni kitablarla tanış edib, maraqlananlara müxtəlif kitablar verilib.
   Qazax. Rayon MKS tərəfindən Mədəniyyət mərkəzində kitabxana işçiləri üçün “Rayonun inkişafında kitabxanaların rolu” mövzusunda növbəti aylıq seminar-müşavirə keçirilib. MKS-nin direktoru Solmaz Babanlı Mərkəzi kitabxana və filialların işinin təhlili, nailiyyətlər və aşkar olunan nöqsanlar haqqında çıxış edib. 
   Qəbələ. Tarix-diyarşünaslıq muzeyində multikultural ənənələr və azsaylı xalqların tarixinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Muzeyin direktoru Xalis Məmmədov “Azərbaycan azsaylı xalqların ana vətənidir” mövzusunda çıxış edib. 
   Tədbirin sonunda Qəbələ rayonu ərazisində yaşayan udi, ləzgi və digər xalqların tarixini əks etdirən guşəyə baxış keçirilib.
   Qax. Mərkəzi kitabxananın Uşaq şöbəsində “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” adlı konfrans keçirilib. Tədbir şəhər 2 saylı tam orta məktəb-liseyin V b sinfi ilə birgə təşkil olunub. İştirakçılar mövzu ilə bağlı kitabxanada təşkil olunmuş sərgi ilə tanış olublar.
   Zaqatala. Rayonun mədəniyyət müəssisələrində “Multikulturalizm ili” çərçivəsində silsilə tədbirlər davam edir. Əliabad qəsəbə mədəniyyət evi, klub və kitabxananın birlikdə təşkil etdiyi tədbirə ingiloy dilində aşıq mahnıları oxuyan 83 yaşlı aşıq Cəmaləddin Uluxan oğlu və tambur ifaçısı Mamed Mamedov dəvət edilib. Müəssisənin rəhbəri Əhmədiyyə Musayev, bölgədəki azsaylı xalqların etno musiqisi ilə maraqlanan Azərbaycan Milli Konservatoriyasının magistrləri Günay Hüseynova və Türkan Musayeva və digər qonaqlar çıxış edib, fikirlərini bölüşüblər.
   Mingəçevir. Şəhər MKS tərəfindən elan olunan “Gənclər mütaliə edir” aksiyası çərçivəsində müxtəlif tədbirlər keçirilir. Aksiyanın məqsədi gənclərin kitabxanaya daha çox cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Gənclər Azərbaycanın və dünya yazarlarının əsərləri ilə tanış olur, ucadan oxular təşkil edilir.