Neftçala. Rayon MKS-də fəaliyyət göstərən "Dostluq" ədəbi məclisinin növbəti yığıncağında Metodika-biblioqrafiya şöbəsinin müdiri Bədirə Həsənqızının "Ömür axarı..." kitabının təqdimatı keçirilib. Tədbir iştirakçıları kitab haqqında fikirlərini söyləyib, belə tədbirlərin yazarların tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar.
   Xaçmaz. “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi tərəfindən Xaçmaz şəhər Xalça muzeyində Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə reallaşan “UNESCO-da Azərbaycan irsi” adlı layihə çərçivəsində tədbir keçirilib. Rayon Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Fərid Musayev, ictimai birliyin sədri Fərhad Abdulov ölkəmizdə xalça sənətinin tarixindən, layihənin məqsədindən bəhs ediblər.
   Quba. MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsinin oxu zalında “Uşaq hüquqları və sağlam həyat” başlığı altında tədbir keçirilib. Tədbirdə MKS-nin direktoru Saməddin Nəsirov, şöbə müdiri Zərəfşan Yasinova, “Sibirskoye Zdorovye” korporasiyasının nümayəndəsi Fəridə Əliyeva çıxış ediblər. Tədbir daha sonra məktəblilər tərəfindən rəngarəng rəqslərlə davam edib. Uşaqlara hədiyyələr təqdim olunub.
   Zərdab. MKS-nin Yarməmmədbağı kənd kitabxana filialı İ.Nəsimi adına kənd tam orta məktəbində narkomaniyaya qarşı mübarizə məqsədilə “Bəşərin ən qorxulu bəlası” mövzusunda tədbir keçirib. Kitabxananın müdiri Ofeliya Əzizova, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ə.Süleymanova çıxış ediblər. Bildirilib ki, bu bəlaya qarşı mübarizədə ictimai təşkilatlar, mətbuat, mədəni-maarif ocaqları ilə yanaşı, valideynlərin də rolu böyükdür.