Azərbaycanın muğam, sənət beşiyi Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi görkəmli sənətkarlar arasında mahir xanəndə, Xalq artisti Əbülfət Əliyevin məxsusi yeri var. Həzin, məlahətli səslə ifa etdiyi muğam və təsniflər, xalq mahnıları bu gün də yaddaşlarda yaşayır. 
   Əbülfət Əsəd oğlu Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.
   Əbülfət 7 yaşında ikən atası dünyasını dəyişir. Ailənin güzəranı çətinləşdiyindən onlar Şuşadan köçmək məcburiyyətində qalırlar. Təxminən dörd il Füzuli rayonunda yaşayır, sonra Ağdamda yerləşirlər. O, təhsilini 1 nömrəli şəhər məktəbində davam etdirir. Burada musiqi dərnəyinə yazılır, məlahətli səsi ilə diqqəti çəkir, məktəbin ictimai tədbirlərinə qatılır. Qarabağın el şənliklərində oxuduğu “Ay bülbüllər”, “Kimə yalvarım”, “Uca barıdan aşaram mən”, “Uca dağlar” mahnıları musiqisevərlərin ruhunu oxşayır.
   Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşır, Bakıdan dəvətlər alır. O, radioda ilk dəfə “Şuşanın dağları” mahnısını ifa edir. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. 
   Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 
   Ə.Əliyev həm də opera səhnəmizin sevilən və arzulanan sənətkarlarından olub. Məcnun obrazını yaradan hər bir xanəndənin özünəməxsus ifası olub. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib. 
   Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.
   Əbülfət Əliyev 27 dekabr 1990-cı ildə vəfat edib.
   
   Savalan Fərəcov