Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.
   Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.
   Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı.
   Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşündən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
   Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Sarayda əsl bayram əhvali-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırıb. 
   Azərbaycanın birinci xanımı uşaqların sevinc və fərəhini bölüşüb, onlarla səmimi söhbət edib.
   Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı bildirib ki, artıq 12 ildir Heydər Əliyev Fondu paytaxtımızda yerləşən bütün uşaq evlərində, internat məktəblərində yaşayan, tərbiyə və təhsil alan uşaqlar üçün Yeni il şənlikləri təşkil edir: “Əziz uşaqlar, ömrünüzün bu çağında sizin ən əsas vəzifəniz yaxşı oxumaqdır, bilik, savad qazanmaqdır. Sizin qarşınızda böyük ömür yolu var. Bu ömür yolunda layiqli, sağlam, savadlı, bacarıqlı vətənpərvər insan olmaq üçün bu gün tam gücünüzlə təhsil alıb oxumalısınız. Bizim arzumuz sizləri mənəvi və fiziki sağlam, savadlı, bilikli, mədəniyyətli, güclü, iradəli vətənpərvər görməkdir. Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy, Azərbaycan müstəqilliyimizin əbədiliyi naminə yaşasın, daim yaşasın, güclənsin!”
   Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olunub.