Dekabrın 27-də Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisinin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
   Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov başa çatmaqda olan 2016-cı ilin də Mərkəz üçün çoxsaylı tədbirlərlə yadda qaldığını bildirib. Qeyd edib ki, bu tədbirlər konfranslar, simpoziumlar, seminarlar, konsertlər və təbii ki, Heydər Əliyev Mərkəzinin təqdim etdiyi çoxsaylı sərgilərdən ibarətdir. 
   Vurğulanıb ki, “Kukla incəsənətdə” sərgisində təqdim edilən kolleksiya 10 il ərzində Heydər Əliyev Fondu tərəfindən toplanıb. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın, o cümlədən azərbaycanlı rəssamların işləri təqdim edilir. Tamaşaçıların sərgidən zövq alacağına ümidvar olduğunu deyən A.Ələkbərov ekspozisiyanın təşkilində dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib.
   Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, Ümumrusiya Rəssamlar İttifaqının bədii kukla bölməsinin sədr müavini, kuklaçı rəssam Aleksandra Xudyakova çıxışında Bakı şəhərinin gözəlliyinə heyran qaldığını bildirib. O deyib: “İlk dəfədir ki, bu cür yüksək səviyyədə bədii kukla sərgisini görürəm. Demək olar ki, dünyanın bütün mədəniyyətlərində rəssam kukla yaradıb. Kukla böyük və ciddi fenomendir. Heydər Əliyev Mərkəzində təqdim edilən sərginin ekspozisiyası möhtəşəmdir. Mən sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Həmçinin Bakının bütün rəssamlarına Rusiya rəssamlarının salamını və ehtiramını çatdırıram”. Təmsil etdiyi qurumda ilk dəfə 2007-ci ildə kukla bölməsinin yaradıldığını diqqətə çatdıran Aleksandra Xudyakova Bakıda təqdim olunan sərginin kukla sənətinin ciddi olmasına dəlalət etdiyini bildirib.
   Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı bildirib ki, uzun illər ərzində Bakıda belə irimiqyaslı sərginin təşkil edilməsini arzulayıb. O, layihənin ərsəyə gəlməsinə görə Heydər Əliyev Fondunun rəhbərliyinə dərin təşəkkür edib. 
   Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bildirib ki, bu sərgidə hər şey gözəl və nağıllarda olduğu kimidir. Eyni zamanda bu sənət əsərləri ciddi və mükəmməl nümunələrdir: “Kuklalar bizi anadan olduğumuz gündən müşayiət edir. Burada təqdim edilən əsərlərdə isə böyüklərin gözəllik haqqında söhbəti, dərin və həssas hisslər təcəssüm olunub. Bizim Bakıda kukla muzeyimiz olmalıdır ki, bu sənət əsərləri həmişə saxlanılsın, hər zaman tamaşaçılar gəlib görə bilsinlər”.
   Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
   Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən sərgidə dünyanın müxtəlif ölkələrinin müəlliflərinin əl işi olan 230 kukla nümayiş etdirilir. Bu sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir.
   Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Avstraliya, Belçika, Çexiya, Estoniya, Fransa, İsrail, İtaliya, Latviya, Rusiya, Şimali Kipr, İndoneziya, Ukrayna və Yaponiyanın tanınmış kuklaçı rəssamlarının əl işləri təqdim olunur.
   Ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərində qalib olub.
   Sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da təqdim edilir. Kuklalar 11 müxtəlif mövzu üzrə bölünüb. Ekspozisiyada geyim tarixi, yumoristik obrazlar, bayram simaları, İçərişəhər sakinləri, nağıl qəhrəmanları, taxta kuklalar və digər mövzularda eksponatlarla tanış olmaq mümkündür.
   Azərbaycanın müxtəlif bölgələrinə xas geyimlərdəki kuklalar isə həm də parça, rəng, biçim, naxış və istifadə olunan zinət əşyalarına görə bir-birindən fərqlənir.