Bir əsərin tarixçəsi 
   
   Bu süjetli rəngkarlıq tablosu 1951-ci ildə işlənmişdir. Onun yaradıcısı adı Azərbaycan təsviri sənət tarixinə qızıl hərflərlə yazılmış Əməkdar incəsənət xadimi Vəcihə Səmədovadır. Əsər onun tərəfindən V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda diplom işi olaraq işlənmişdir. Gənc rəssamın bu tabloda başlıca məqsədi onun elə Moskvada tələbəliyi dövründə dünyasını dəyişmiş dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli şəxsiyyətinə və milli musiqimizə verdiyi töhfələrə münasibətini bədii tutumda bildirmək olmuşdur, desək, yanılmarıq. Böyük sənətkarın öz yetirmələri - gənc bəstəkarların əhatəsində təsvir olunması da Üzeyir bəyin zamanında ümidverici musiqiçilərə daima diqqət yetirdiyinə, onların ən müxtəlif qayğılarını çözməyə çalışdığına işarə kimi qəbul olunur...
   XX əsrdə SSRİ-nin müxtəlif iri şəhərlərində ali təhsil alan azərbaycanlı rəssamlar çox olsa da, onların təhsilin yekunu olaraq ərsəyə gətirdikləri diplom işlərindən yalnız bir neçəsi xatırlanır. Bu sırada Səttar Bəhlulzadə (“Babək üsyanı” və “Bəzz qalasının müdafiəsi”), Tahir Salahov (“Növbədən qayıdanlar”), Vaqif Ucatay (“Nizami işığında) və təbii ki, haqqında söz açdığımız Vəcihə Səmədovanın adı haqlı olaraq dilə gətirilir. Bunu şərtləndirən başlıca səbəb ilk növbədə həmin diplom işlərində yüksək icra sənətkarlığının nümayişi və əsərlərin süjetlərinin Azərbaycanın uzaq-yaxın keçmişinin parlaq-yaddaqalan səhifələrini təşkil etməsidir. Bu mənada Vəcihə Səmədovanın Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına bədii görkəm verməsi təqdir olunası haldır.
   Əsərin rəsmi adı “Azərbaycan bəstəkarları” olsa da, çox vaxt onu bilavasitə dahi musiqiçinin adı ilə - “Üzeyir Hacıbəyli tələbələri arasında” və yaxud “Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarları arasında” adlandırırlar. Görkəmli sovet rəssamı Pavel Korinin rəhbərliyi altında bu diplom işini “əla” qiymətlə müdafiə edən Vəcihə Səmədovaya əsl şöhrəti “Azərbaycan bəstəkarları”nın 1951-ci ildə Moskvada təşkil olunan Ümumittifaq sərgisində nümayişi gətirdi. Həm tamaşaçılar, həm də onun tələbkar həmkarları bu əsərin timsalında sovet rəngkarlıq məkanına çox istedadlı bir yaradıcının gəldiyinə əmin oldular.
   Doğrudan da, konkret və bitkin kompozisiyaya, yığcam rəng həllinə malik olan çoxfiqurlu tablo daşıdığı məna-məzmun yükünün yaddaqalan bədii tutumda-yüksək sənətkarlıqla əksinə görə heyranedicidir. Üfüqi kompozisiyanı Üzeyir Hacıbəylinin tələbələri ilə birlikdə yeni musiqi əsərini dinləməsi təşkil edir. Fiqurların duruş müxtəlifliyi qabarıq duyulan əsərdə rəssam kompozisiyaya daxil edilən obrazları musiqinin hakim kəsildiyi auraya müvafiq - düşüncələrlə baş-başa təsvir etmişdir. Bir nəfərin də baxışı tamaşaçıya zillənməyən tabloda bütün musiqiçilər sözün əsl mənasında öz aləmlərindədirlər. Həm sağda ayaq üstə stula söykənən Süleyman Ələsgərov, həm onun qarşısında oturmuş Ədilə Hüseynzadə, sağ tərəfində stulda əyləşmiş Cahangir Cahangirov və ayaq üstə dayanan Fikrət Əmirov ifa olunan musiqinin ruhuna bələnmiş kimidirlər. Amma onların ilk baxışda sezilməyən hərəkətlərində nəzərləri naməlum istiqamətə tuşlanmış Üzeyir bəyə yönəli bir gizli “tələbə baxışı” mövcuddur. Başqa sözlə desək, gənc bəstəkarlar pianoçu tərəfindən səsləndirilən musiqiyə müəllimlərinin nə deyəcəyi intizarındadırlar...
   Rahatlıq duyulan bu işıqlı otağın interyeri də dinlənilən musiqi ruhuna yaxın - çox nikbin tutumludur. Bu kompozisiya həm süjetli tablonun tələblərinə cavab verən çoxfiqurlu əsər kimi, həm də sonralar Azərbaycan musiqisinin mənəvi yükünü şərəflə daşıyacaq F.Əmirov, S.Ələsgərov, Ə.Hüseynzadə və C.Cahangirovun gənclik dövrlərinin ikonoqrafik əlamətlərini daşıdığına görə böyük əhəmiyyət kəsb edir. Poza sərbəstliyində ifadə olunan təbiilik, eyni zamanda fiqurların düzülüşünə görə kompozisiyaya ritmli dinamika bəxş etdiyindən əsər çox cəlbedici baxılır. İlk baxışda rənglərin qabarıqlığı duyulmasa da, diqqətli baxış zamanı musiqiçilərin geyimlərində duyğulandırıcı rəng çalarlarını və incə keçidlərini görmək mümkündür. Kompozisiyada tətbiq olunan bütün bədii-maddi komponentlər onun bütövlüyünün əldə olunmasını şərtləndirmişdir, desək, həqiqəti söyləmiş olarıq.
   Düzdür, bu əsərdə sonralar Vəcihə Səmədova dəst-xəttinin tanınma nişanına çevriləcək və haradasa müəllimi P.Korinin icra manerası ilə anım yaradan yaxı genişliyi və improvizələrinə rast gəlmirik. Bununla belə, “Azərbaycan bəstəkarları” süjetli tablosu Azərbaycan rəngkarlığının yaddaqalan nümunələrindən sayılır. Tarixi əhəmiyyətli əsərin bu gün dahi bəstəkarın ev-muzeyinin ekspozisiyasını bəzəməsi də əsərin yüksək bədii-estetik dəyər daşımasından irəli gəlir.
   Yeri gəlmişkən deyək ki, V.Səmədova 1951-ci ildə institutu bitirsə də, onun üçün təhsil illəri bitmədi. İnstitut rəhbərliyinin təkidi ilə o, ana olmasına baxmayaraq, daha üç il buradakı aspiranturada təhsil aldı və P.Korindən rəngkarlığın sənət vərdişlərini daha dərindən öyrəndi. Aspiranturadan sonra onun bu ali təhsil ocağında müəllim kimi işləmək təklifinə isə Vəcihə xanım razılıq vermir və doğma Azərbaycana qayıdır. 
   Bundan sonra onun Bakıda baş tutan müstəqil yaradıcılığı təxminən on il çəkir. Yaratdığı müxtəlif janrlı əsərləri ilə milli təsviri sənətimizi duyulası dərəcədə zənginləşdirir. Onun “Kür sahilində”, “Leyla Bədirbəylinin portreti”, “Toydan qabaq”, “Geoloq Minirə Məmmədbəylinin portreti”, “Xəbər gözləyirlər”, “Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimovanın portreti”, “Göygöl”, “İmtahan qarşısında” və s. əsərləri bu qəbildəndir. Sənətdə “Kişi biləkli qadın rəssam” adını qazanması da, qənaətimizcə, onun yaradıcılığına verilən yüksək dəyər oldu. 
   Sağlığında respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü. Vəfatından dərhal sonra Vəcihə Səmədovanın adının Rəssamlar İttifaqının sərgi salonuna verilməsi isə cəmisi 41 il ömür sürmüş istedadlı fırça ustasının xatirəsinə dərin ehtiramın göstəricisidir.
   Xəstə vaxtlarında onunla birlikdə Moskvaya getmiş heykəltəraş Həyat Abdullayeva geri qayıtmalarını belə xatırlayır: “Bizi təyyarə limanına ötürməyə gələnlər arasında onun müəllimləri və tələbə dostları vardı. Onlar ailələri ilə birgə gəlmişdilər. Jilinskinin bir sözü hələ də qulağımdan getmir: “Vəcihə hamının sevimlisi idi. Biz onu Moskva rəssamlar ailəsinin doğma üzvü hesab edirik. Onu sizə etibar elədik, amma qoruya bilmədiniz”. Bu ifadələrdə rəssamın sənətinə, onun təkrarolunmaz şəxsiyyətinə böyük hörmət var idi. Vəcihəni, doğrudan da, qoruya bilməmişdik. Nə etmək olardı, bu, bizdən də asılı deyildi...
   Vəcihə Səmədova 1965-ci il oktyabrın 25-də Bakıda xərçəng xəstəliyindən vəfat etmişdir.
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru