Noyabrın 8-10-da Bakıda Milli Elmlər Akademiyası və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycanda radiasiya kimyası elminin banisi, görkəmli alim Mirkazım Məlikzadənin anadan olmasının 100 illiyinə həsr olunub.
   Konfransda Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə, “British Council” təşkilatının AMEA Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlığı çərçivəsində “Axmaqlıq dövrü” (“The age of stupid”) adlı sənədli film nümayiş etdirildi. Britaniyalı rejissor F.Armstronqun 2009-cu ildə lentə aldığı ekran əsəri iqlim dəyişikliyi mövzusuna həsr olunub.
   Film qəhrəmanı - məhv edilmiş dünyada qalan arxivarius Pit Postletvayt qlobal fəlakətlərlə nəticələnən iqlim dəyişikliyindən öncəki dünyanın görüntülərinə baxaraq belə bir sualla tamaşaçılara müraciət edir: “Nə üçün biz iqlim dəyişikliyinin qarşısının alınması mümkün olanda heç nə etmədik?”.