İlyas Əfəndiyevin eyniadlı pyesinin motivləri əsasında 1987-ci ildə Azərbaycan Televiziyasında ekranlaşdırılan “Sən həmişə mənimləsən” ikiseriyalı film-tamaşa Türkiyənin “TRT Avaz” kanalında nümayiş olunacaq. 
     
   Bu barədə film-tamaşada baş rolun (Nargilə) ifaçısı olmuş, hazırda Türkiyədə yaşayıb fəaliyyət göstərən tanınmış aktrisa Məlahət Abbasova məlumat verib.
   Bakı Beynəlxalq Teatr Konfransında iştirak etmək üçün Azərbaycana gələn aktrisa “Sən həmişə mənimləsən” film-tamaşa ilə bağlı “TRT Avaz”da danışıqlar apardığını deyib. Onun sözlərinə görə, televiziya rəhbərliyi bu təklifi razılıqla qarşılayıb: “AzTV-dən CD-lər göndəriləndən sonra film-tamaşa TRT-də göstəriləcək. Burada əsas məqsəd Azərbaycan televiziya tamaşalarının Türkiyə televiziya kanallarında da göstərilməsidir”.
   Azərbaycanda ilk dəfə keçirilən Bakı Beynəlxalq Teatr konfransında iştirakından məmnun qalan Məlahət Abbasova arzusunu da vurğulayaraq deyib ki, Azərbaycan Milli Dram Teatrının səhnəsində çıxış etməyi çox istəyir: “Dəvət etsələr, böyük məmnuniyyətlə gələrəm”.