Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Milli Dram Teatrı və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirdə sənətkarın kino və teatr fəaliyyətindən danışılacaq, Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri vurğulanacaq.
   İ.Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb. İrəvanda, Dərbənddə Azərbaycan teatrlarının rejissoru və aktyoru olub. 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasında Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramında Böyük bəy roluna görə 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. 1 aprel 1980-ci ildə vəfat edib.