Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində “Qafqaz qartalının uçuşu” filminin təqdimatı olub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, filmin ssenari müəllifi Valentina Qurkalenko və yaradıcı qrup üzvləri çıxış edərək ekran əsərinin məziyyətlərindən danışıblar.
   Azərbaycanın “Salnamə” və Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyalarının birgə istehsalı olan film 1941-1945-ci illər müharibəsində Leninqradın müdafiəsi zamanı hava döyüşlərində qəhrəmancasına həlak olmuş azərbaycanlı hərbi təyyarəçi Hüseynbala Əliyevin şücaətindən bəhs edir.
   Filmin rejissoru Tahir Əliyev, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüserləri Böyükağa Məmmədov və Vladimir Bajindir. Ekran əsərini Rusiyanın Xalq artisti İvan Krasko və Əməkdar artist Lyudmila İvanişenko səsləndiriblər.
   Filmin yaradıcı heyətinin üzvləri demişlər ki, ekran əsəri son 20 ildə Rusiya və Azərbaycan kinematoqrafçılarının ilk birgə işidir, dövlətlərarası dostluğun və əməkdaşlığın təcəssümüdür. Çəkilişləri Sankt-Peterburq və Bakı şəhərlərində aparılmış film kinosevərlərin böyük marağına səbəb olub.