Yanvarın 27-də Heydər Əliyev Sarayında “Gürcüstanın sehrli ritmləri” adlı konsert keçirilib.   
   Konsertdə Gürcüstanın populyar estrada ifaçıları Giya Nikoladze, Mariam Eliaşvili, Aysel Məmmədova, habelə beynəlxalq müsabiqələrin laureatları - “Martve”, “Samefo”, “Didgori” rəqs və vokal kollektivləri iştirak ediblər.
   Bu kollektivlərdən ən məşhuru - “Martve” ansamblının rəqqasları əfsanəvi Suxişvili adına Gürcüstan Milli Baletinin yetirmələridir. 1954-cü ildə yaradılan kollektiv ötən müddətdə dünya üzrə 250-dən çox turnenin iştirakçısı olub, 11 dəfə 5 qitəni, 88 ölkəni gəzib-dolaşıb, 12 mindən çox konsert verib. Ansamblın konsertləri 7 milyondan çox tamaşaçı toplayıb. “Martve” kollektivinin rəhbəri Lela Qventsadze və Anzori Sulxanaşvili, xoreoqrafları Nikolozi Saralidze və Firuz Beqauridir. 
   “Gürcüstanın sehrli ritmləri” konsert proqramı, şux rəqs və ifalar paytaxt tamaşaçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.