“Salnamə” və “Lennauçfilm” kinostudiyası növbəti yeni film layihəsi üzərində hazırlığa başlayıb. Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, süvari qoşunu general-leytenantı Hüseyn xan Naxçıvanski haqqında olacaq tammetrajlı bədii-sənədli filmin ssenarisi hazırlıq mərhələsindədir.
   Bununla bağlı Naxçıvana ezam olunmuş filmin çəkiliş heyəti ssenari ilə əlaqədar görüşlər keçirib. Bu barədə filmin rejissoru olacaq Tahir Əliyev məlumat verib: “Hüseyn xan Naxçıvanski ilə bağlı arxiv araşdırmalara artıq başlamışıq. Naxçıvan Muxtar Respublikası Elmlər Akademiyasının sədri İsmayıl Hacıyev, Naxçıvanski şəcərəsini araşdıran alim Musa Quliyev, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli ilə görüşlərimiz oldu. Daha sonra Hüseyn xan Naxçıvanskinin doğulduğu ev - indiki “Xan sarayı Dövlət Memarlıq Muzeyi” ilə də tanış olduq. Filmin çəkilişləri Naxçıvan, Sankt-Peterburq və Təbrizdə nəzərdə tutulub”.