Yanvarın 31-də AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər barədə məlumat verib, 2 fevral - Gənclər Günü münasibətilə gənc alimləri təbrik edib. İnstitutun gənc əməkdaşlarının elmi tədqiqat sahəsindəki nailiyyətlərindən danışan akademik gənc alim və mütəxəssislərin bir sıra uğurlara imza atdığını vurğulayıb.
Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Eşqanə Babayevanın təmsil etdiyi elmi tədqiqat müəssisəsinin gənc alimlərinin ötən ildəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov Ədəbiyyat İnstitutunun gənc elmi işçilərinin ötən ildəki fəaliyyətlərini yüksək dəyərləndirib.
Tədbirdə 2 fevral - Gənclər Günü münasibətilə və ötən ilin yekunlarına əsasən institutun bir neçə əməkdaşına “İlin gənc alimi” diplomu, döş nişanı və hədiyyələr təqdim edilib.