Mayın 12-də Bakıda start götürəcək IV İslam Həmrəyliyi Oyunlarına üç aya yaxın vaxt qalıb. Artıq 50 müsəlman ölkəsi Oyunlarda iştirakını təsdiqləyib. Qalan ölkələrlə də müvafiq danışıqlar aparılır. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı 57 ölkəni birləşdirir.
   “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərovun sözlərinə görə, 10 gün ərzində idmanın 20 növündə 24 kateqoriya üzrə yarışlar keçiriləcək. 
   Oyunlarla bağlı 260 min bilet satışa çıxarılacaq. Biletlərin satışı Novruz bayramı günlərində başlayacaq. Qeyd edək ki, bayram günlərində ölkəmizə, o cümlədən Bakıya çoxlu sayda xarici turistin gəlməsi IV İslam Həmrəyliyi Oyunlarının təbliği və tanıtımı baxımdan da əhəmiyyətli olacaq. “Bakı-2017”nin açılış və bağlanış mərasimləri üçün biletlər də bu tarixdə satışda olacaq. Yarışlara biletlərin qiymətləri 2-5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün isə 10 manatdan başlayacaq.
   Oyunlara dəstək vermək məqsədilə 12 mindən artıq gənc qeydiyyatdan keçib. Onlardan 8 min könüllü seçiləcək.
   Oyunların televiziya yayım xidmətini isə Bakı Media Mərkəzi təmin edəcək.
   “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) ilə bağlanan müqaviləyə əsasən, hər bir yarışla bağlı yayımdan əvvəl Azərbaycanın, Bakının gözəlliklərini, bununla yanaşı, idman aləminin özəlliklərini özündə cəmləşdirən videoçarxlar təqdim olunacaq. Bakı Media Mərkəzi I Avropa Oyunları, “Tour de Azerbaijan” veloyürüşü və bədii gimnastika üzrə 30-cu Avropa çempionatı və ölkəmizdə təşkil edilən digər mötəbər idman tədbirlərinin yayımını həyata keçirib.