Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində görkəmli rəssam Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş “Qəlbin rəngləri” sənədli filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında hazırlanan filmin rejissoru Ziya Şıxlinski, ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur.
   Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiya Federasiyasının Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı, dünyanın 20-dən artıq rəssamlıq akademiyasının və yaradıcılıq təşkilatının üzvüdür.
   Film rəssamın özü haqqında söhbəti ilə başlayır və onun söhbəti ilə də qurtarır. Tahir Salahov filmdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, sonra isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda aldığı təhsilindən bəhs edir. Film Qara Qarayevin musiqisi ilə müşayiət olunur.