“Ekranda hələ heç kəsin görmədiyi dünyalar yaratmaq istəyirəm”
   
    Ceyms Kameron yəqin ki, dünya kinosu tarixində ən çox gəlir gətirən filmlərin müəllifi və eyni zamanda kino sənayesində texnikanın ən son nailiyyətlərini tətbiq edən rejissor kimi qalacaq. Onun «Termintaor» filmi elmi-fantastik döyüş janrında etalon sayılır və məhz xüsusi effektlərinə, texniki keyfiyyətlərinə görə müxtəlif mükafatlara layiq görülüb. 
   
   Kameronun 1997-ci ildə ekranlaşdırdığı «Titanik» filmi o dövr üçün prokatdan rekord sayıla biləcək məbləğ - 1 milyard dollar topladı. Bu mənada «Titanik»i də ötüb keçən «Avatar» isə 2,75 milyard dollar gəlir əldə etdi. Ona görə də bu gün «Avatar» bütün illərin ən çox gəlir gətirən filmi sayılır. Mütəxəssislər «Avatar»ın əhəmiyyətini kino sənayesində rəngli kinonun meydana gəlməsi ilə müqayisə edirlər.
   Qeyd edək ki, rejissor «Avatar» filmi üzərində 1994-cü ildən işləməyə başlayıb. Onun sözlərinə görə, film 1999-cu ildə istehsal olunmalı idi. Amma o zaman texnologiyanın səviyyəsi ekran əsərində nəzərdə tutulan effektlər üçün yetərli olmadığından rejissor istəyini reallaşdıra bilməyib.
   «Avatar» filmində bir qrup tədqiqatçı Pandora planetində qeyri-adi mineral əldə etmək istəyir. Amma bu mineralın əldə edilməsi planetdə ekosistemin dağılmasına səbəb olur. Və bu səbəbdən də Yer planetinin insanları ilə Pandora planetinin sakinləri arasında münasibətlər pisləşir. Bəzi tənqidçilərə görə, rejissor əslində bununla amerikalılarla hindular arasındakı tarixi münasibətə işarə edir.
   Film haqda rəylər müxtəlifdir. Stiven Spilberq «Avatarı» bütün dövrlərin son dərəcə valehedici kinofantastikası adlandırıb. Emir Kusturitsa isə bu filmi tamamilə səfeh bir əsər hesab edir: «Film ancaq effektlərə, vizuallığa əsaslanır və ancaq insanlardan pul qoparmaq məqsədi güdür». Mixael Haneke isə müsahibələrindən birində istehza ilə «Avatar»a görə kinoteatra getməyə dəymədiyini deyib, o, filmi ancaq televizorda göstəriləcəyi halda izləyəcəyini deyib.
   Ceyms Kameron isə kino ilə bağlı çox arzularının hələ gerçəkləşmədiyini deyir. Rejissorun Almaniyanın “Die Zeit» qəzetinə verdiyi müsahibəsini təqdim edirik.
   
   - Siz «Avatar»in davamını çəkməyi planlaşdırırsınız. Fanatlarınız onun necə olacağı ilə maraqlanırlar...
   - Güman edirəm ki, biz filmin ikinci və üçüncü hissələrini birnəfəsə çəkəcəyik. Amma tamaşaçıların gözləntilərini doğrulmaq üçün texnika daha da yaxşılaşmalı, səviyyə bir az da yüksəlməlidir. Bu cəhətdən yəqin ki, texnikanın ən son uğurlarının kinoya gəlməsi bir neçə il də davam edəcək.
   - Növbəti filmlərinizdə Pandora planetinə geri dönəcəksiniz?
   - Yəqin ki.
   - Sizin hələ kəşf edilməmiş dərinliklərə baş vuran universal qayığınız var. Ekspedisiya zamanı olan çəkilişlərdən sonrakı filmlərinizdə istifadə edəcəksiniz?
   - Əslində mənim üçün tamamilə əhəmiyyətsizdir ki, ekspedisiya zamanı çəkdiyim filmlərimdə material kimi yararlı olacaqmı? Mən sadəcə dərinliklərdə nələrin olmasını görmək istəyirəm.
   - “Avatar” bütün dövrlərin ən çox gəlir gətirən filmi sayılır. Siz birinci dəfə nəticələri görəndə bu haqda düşünürdünüz?
   - Təbii. Əgər film mənim iddialarımla üst-üstə düşməsəydi, infarkt keçirərdim. Yaxınlarda bilərəkdən filmə 3D sistemində baxdım, baxmayaraq ki, bütün səhnələri başdan-başa bilirdim. Mən bu kinobaxışa aktyorları və bir neçə dostumu dəvət etdim: Sigurni Uiver, Arnold Şvarsneggeri və Stiven Spilberqi. Amma filmi 3D sistemində izləmək çox dəhşətli oldu.
   - Filmin uğuru sizi heyrətləndirdimi?
   - Təbii. Söhbət doğrudan da yüksək məbləğdən gedir. Düşünürəm ki, «Avatar» uyğun zamanda yerinə düşən film oldu. Yəni zamanın nəbzini tutdu. Tamaşaçıların emosional kollektiv şüuru ilə üst-üstə düşdü. Amma filmi çəkənə kimi Hollivudda bizə çox istehza etdilər. Məni Hollivud tarixində ən böyük axmaq hesab edirlər.
   - Nədən?
   - Məni ittiham edirlər ki, sentimental qadınlar üçün boş, dayaz filmlər çəkirəm. Və bu tamaşaçı auditoriyası filmi dəyərləndirə bilməz. Amma son nəticədə bütün boşboğazlıqlar ötüb keçir.
    - Nədən siz həmişə belə monstrsayağı filmlər çəkməyə qərar verirsiniz?
   - Çünki digər başqa şeylər mənə sadə gəlir. Mən öz marağını ram etməyən avantüristəm. Ekranda hələ heç kəsin görmədiyi dünyalar yaratmaq istəyirəm. Hələ uşaq olanda ətrafı dərk etmək üçün həmişə müxtəlif hadisələr uydururdum. Film istehsalçıları mənim ideyalarımı anlamağa, dəyərləndirməyə çalışırlar və məni nə cəzb edirsə, onu çəkirəm.
   - Əgər sizə rejissorluq sənətini qadağan etsəydilər, yaşaya bilərdinizmi?
   - Yəqin ki, onda Antarktidada alim kimi çalışardım. Əminəm ki, yaxşı tədqiqatçı olardım, yaxud ixtiraçı və ya mühəndis. Bu maraqlar mənim filmlərimdə də özünü büruzə verir.
   - Siz hazırda «Avatar» filminin roman versiyası üzərində işləyirsiniz? Nədən?
   - Söhbət heç də filmin tamlıqla romana uyğunlaşdırılmasından getmir, çünki bu çox darıxdırıcı olardı. Sadəcə «Avatar»ın əsasında kitab yazmaq istəyirəm. Bu layihə mənim qəlbimə yaxındır, həm də ona görə ki, roman vasitəsilə arxa planda qalan əhvalatları da danışa bilərəm. Məncə, çox maraqlı roman alınacaq. Əslində bu kitabla, «Avatar»ın İncilini yazmaq istəyirəm.
   - Siz film texnikası sahəsində ən yüksək fantaziyalara baş vurursunuz. Gündəlik həyatda necə, texnikadan istifadə edirsiniz?
   - Baxmayaraq ki, artıq 20 ildən çoxdur ki, mobil telefonum var, amma hələ də sms yaza bilmirəm. Noutbuk isə mənim yeganə zəruri oyuncağımdır.
   
   Sevda Əliəşrəfqızı